YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Salyanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Salyan rayon təşkilatı tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı münasibətilə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev adına Parkda Ulu Öndərin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzərək dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Daha sonra iştirakçılar Salyan şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət edərək ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəmanların əziz xatirəsini ehtiramla yad ediblər. Tədbir iştirakçıları, həmçinin ağacəkmə aksiyasında iştirak edərək ekoloji mühitin mühafizəsinə töhfə veriblər. Aksiya çərçivəsində müxtəlif növ ağac tingləri əkilib, yaşıllaşdırma işləri aparılıb.

Salyan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində davam etdirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin su təsərrüfatı sahəsinə göstərdiyi diqqət və qayğını əks etdirən, həmçinin bu sahədə həyata keçirilən əsas layihələrə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edənlər - YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Salyan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi İlkin Əzizov və digər natiqlər su təsərrüfatı və meliorasiya sahəsində çalışan insanların əvəzsiz xidmətlərindən danışıblar. Qeyd olunub ki, torpaqların su təminatının yaxşılaşdırılması, əkin sahələrinin məhsuldarlığının artırılması və əhalinin dayanıqlı içməli su ilə təmin olunması istiqamətində bu sahənin əməkdaşlarının əməyinin rolu misilsizdir. Çıxışlarda, həmçinin vurğulanıb ki, Azərbaycanda su təsərrüfatının inkişafı hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Ulu Öndər Heydər Əliyevin bu sahəyə verdiyi xüsusi önəm nəticəsində ötən əsrin 70-80-ci illərində irimiqyaslı suvarma və meliorasiya layihələri həyata keçirilib. Prezident İlham Əliyev tərəfindən bu strateji xətt uğurla davam etdirilir, regionlarda su təsərrüfatı infrastrukturu müasirləşdirilir, kənd və qəsəbələrdə içməli su təminatı layihələri icra olunur.

Tədbirin sonunda su təsərrüfatının inkişafında fəal iştirak edən bir qrup əməkdaşın əməyi yüksək qiymətləndirilib, onlar fəxri fərman və təşəkkürnamələrlə təltif olunublar. Eyni zamanda, YAP sıralarına yeni qəbul olunmuş bir qrup gəncə partiyanın üzvlük vəsiqələri təqdim edilib.