Xəbərlər
Azərbaycan-Türkiyə-Pakistan birliyinin məramı sülh və sabitlik naminə əməkdaşlıqdır

Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri
Azərbaycan, Türkiyə və Pakistan Liderlərinin mayın 28-də Laçında keçirilən Zirvə görüşündə bir araya gəlməsi həm tarixi, həm də strateji baxımdan mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Zirvə görüşünün Azərbaycanın Müstəqillik Günündə, erməni işğalından azad edilmiş Laçında keçirilməsinin böyük rəmzi mənası var.
Dövlətimizin başçısı Laçında çıxışı zamanı xüsusi olaraq qeyd edib: “Azərbaycan, Türkiyə və Pakistan - üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirirlər. Biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk. Bu gün ikinci üçtərəfli Zirvə görüşündə bir daha bizim strateji əməkdaşlığımız təsdiqləndi. İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən bugünkü mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürüdür”.
Laçında üç qardaş dövlətin liderlərinin iştirakı ilə Zirvə görüşünün keçirilməsi sadəcə Azərbaycan üçün deyil, həm də Türkiyə və Pakistan üçün olduqca mühüm hadisədir. Azərbaycan, Türkiyə və Pakistan tarix boyu bir-birinin uğurlarına sevinib, çətin günlərdə həmrəylik nümayiş etdiriblər. Ölkələrimiz arasında münasibətlər sırf rəsmi səviyyədə diplomatik əlaqələrdən ibarət deyil. Üç qardaş ölkə Liderinin Laçından verdiyi mesajlar dost dövlətlərlə yanaşı, Ermənistana və onun himayədarlarına bir daha xatırlatdı ki, Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallığın geriyə dönüşü yoxdur. Bu Zirvə görüşü bir daha təsdiq etdi ki, Azərbaycan, Türkiyə və Pakistan qardaşlığı əzəli və əbədidir.
Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsində ölkəmizə verilən siyasi və mənəvi dəstəyə görə Türkiyə və Pakistana minnətdarlığını bildirib. Dövlətimizin başçısı qeyd edib: “Xüsusilə bu bölgədə, 30 il ərzində işğal altında olan Laçın şəhərində bizim birgə olmağımız böyük rəmzi məna daşıyır. Çünki 44 günlük İkinci Qarabağ müharibəsi zamanı bizi Türkiyə və Pakistan dəstəkləmişdir. Türkiyə və Pakistan dəstəyi bizi ruhlandırırdı, bizə əlavə güc verirdi. Bu böyük siyasi və mənəvi dəstəyə görə biz hər zaman qardaş ölkələrin rəhbərlərinə, qardaş xalqlara minnətdarıq”.
Laçında Azərbaycan, Pakistan və Türkiyə liderlərinin iştirakı ilə keçirilən Zirvə görüşü bir daha göstərdi ki, əsas diqqət tranzit dəhlizlərinin yaradılması, multimodal logistika sistemlərinin inkişafı və rəqəmsal əlaqələrin qurulmasına yönəlib. Bu təşəbbüslər yalnız iqtisadi baxımdan faydalı deyil, eyni zamanda, regionda sülhün, qarşılıqlı asılılığın və davamlı sabitliyin təmin olunmasında strateji əhəmiyyət daşıyır. Xüsusilə Orta Dəhliz, - Mərkəzi Asiyanı Xəzər dənizi və Azərbaycan vasitəsilə Avropaya birləşdirən marşrut, - böyük önəm daşıyır. Pakistanın bu dəhlizə qoşulmaqda maraqlı olması regional inteqrasiyaya sadiqliyinin göstəricisidir.
Bu görüş təkcə Azərbaycan deyil, bütövlükdə Türk və İslam dünyası üçün siyasi, diplomatik və təhlükəsizlik baxımından önəmli mesaj daşıyır. Xüsusilə Laçın kimi simvolik ərazidə belə bir Zirvə toplantısının təşkili Azərbaycanın ərazi bütövlüyünün artıq mübahisə mövzusu olmadığını göstərir. Bu, həm də regionda yeni güc balansının - Azərbaycan-Türkiyə-Pakistan ittifaqının formalaşdığını nümayiş etdirir. Bu format gələcəkdə Cənubi Qafqazda və daha geniş coğrafiyada sabitlik, əməkdaşlıq və birgə təhlükəsizlik mexanizmlərinin qurulmasına ciddi töhfələr verəcək.