YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Laçın: Azərbaycan-Türkiyə-Pakistan qardaşlığının yeni zirvəsi

Ramid Namazov

Milli Məclisin deputatı

2021-ci il oktyabrın 26-da Zəfər Yolunun qapısı, Şuşanın nəqliyyat açarı olan Füzuli Hava Limanının, 2022-ci il oktyabrın 20-də isə Şərqi-Zəngəzurun hava qapısı olan Zəngilan Beynəlxalq Hava Limanının açılışları hər birimizin yaddaşında möhtəşəm tarixi hadisələr kimi qaldı. Bu mühüm hadisələrdən qısa müddət sonra isə, Azərbaycan Respublikasının Müstəqillik Günündə, növbəti əlamətdar hadisə olan Laçın Beynəlxalq Hava Limanın açılışı baş tutdu.

Azərbaycanın dəniz səviyyəsindən ən hündür zirvədə yerləşən nəhəng nəqliyyat infrastrukturunun qırmızı lentinin Azərbaycan və Türkiyə Liderləri tərəfindən kəsilməsi həm də siyasi hadisə kimi sarsılmaz qardaşlığının, əbədi birliyini əks etdirdi. Laçın Beynəlxalq Hava Limanı Şərqi-Zəngəzurun mühüm nəqliyyat qovşaqlarından biri kimi bölgənin nəhəng nəqliyyat-logistika zəncirinə qoşulmasında mühüm körpü olacaq, Zəngəzur dəhlizinə gedən yolu müşayiət edəcək. Prezident Ərdoğanın da bəyan etdiyi kimi, bu hava limanı regionun inkişafına və dünyaya inteqrasiyasına mühüm töhfə verəcək.

Sözsüz ki, Laçın hava limanının istifadəyə verilməsi Azərbaycan Prezidentinin işğaldan azad edilmiş ərazilərdə apardığı misilsiz quruculuq salnaməsinin şah əsərlərindən biridir. Qarabağı erməni əsarətindən xilas edən Ali Baş Komandan bölgədə apardığı möhtəşəm quruculuğun ən unikal əsərlərindən biri kimi hava limanlarının inşasına xüsusi diqqət və əmək sərf edib, yorulmaz fədakarlıqla gecə-gündüz çalışaraq inanılmaz layihələri ərsəyə gətirib. Cəmi dörd ildə vəd etdiyi beynəlxalq statuslu limanlarının açarlarını təmin edib, Müstəqillik Günündə isə Laçında sonuncu nöqtəni qoydu.

Bu qürurverici gündə dünyanın tamaşa etdiyi ən möhtəşəm tarixi hadisə isə Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli formatının Laçın Zirvəsinin keçirilməsi oldu. Üç qardaş dövlətin Liderlərinin siyasi ünvan kimi məhz Laçını seçmələri həm də xüsusi məna daşıyırdı.

Prezident İlham Əliyevin də bəyan etdiyi kimi Müstəqillik Günündə üç dövlətin Liderinin Laçın şəhərində bir yerdə olmasının böyük rəmzi mənası vardır. Çətin günlərdə bir-birinin yanında olan Azərbaycan, Türkiyə və Pakistan hər zaman haqq və ədalət mübarizəsi aparıb, ən ali platformalarda sarsılmaz mövqe və həmrəylik nümayiş etdiriblər. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana sona qədər siyasi və mənəvi dəstək verən Türkiyə və Pakistanın tarixi Zəfərin rəmzlərindən biri olan Laçına gəlməsi də məhz haqq-ədalətin, qələbənin, sülhün və təhlükəsizliyin simvoludur.

Bu Zirvə görüşü bir daha təsdiqlədi ki, dost və qardaş dövlətlər bölgədə yeni siyasi tarix yazır, yeni rifahın təməllərini qoyurlar. Üçtərəfli Zirvə görüşü bölgədə yeni başlayan möhkəm əməkdaşlığın, təhlükəsiz və dayanıqlı rifahın, iqtisadi-sosial səadətin və əbədi dostluğun simvolu kimi siyasi-tarixi məzmun kəsb edir. Azərbaycan Prezidentinin vurğuladığı kimi bu mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürüdür. Bu birlik və həmrəylik artıq tamamilə yeni dünya miqyasında reallıqlar yaradır. “Bizim gücümüz birliyimizdədir. Bu Zirvədən dünyaya verilən mesajlar lazımi ünvana çatacaq”.

Azərbaycan, Türkiyə və Pakistan üçtərəfli formatı regionun siyasi qüdrəti, iqtisadi tərəqqisi, nəqliyyat-enerji bağlantısı, yeni investisiya ruhu baxımından örnəkverici faktordur. Hər üç dövlətin strateji mövqeyindən və dinamik iqtisadi potensialından istifadə etməklə qarşılıqlı faydalar əldə etmək üçün geniş imkanlar var. Cənab Prezidentin vurğuladığı kimi, üçtərəfli əməkdaşlığın yeni səhifəsi açılır. Siyasət, iqtisadiyyat, energetika, qarşılıqlı investisiyalar, nəqliyyat, müdafiə, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın daha böyük sürətlə inkişaf edəcəyinə inam böyükdür.

Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollarından çox sərmayə qoyub, Pakistan iqtisadiyyatına isə iki milyard dollar yatırmağı nəzərdən keçirir. Hazırda konkret investisiya layihələri üzrə işlər gedir. Bu amil, nəhəng sərmayə habının formalaşması sayəsində bölgənin digər coğrafiyalarının, ələlxüsus da türk dövlətləri ilə əlaqələrin iqtisadi yüksəlişini daha da irəliyə çəkəcək.

Azərbaycan və Türkiyənin əzmkar iradəsi və əməkdaşlığı yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib. Ölkələrimiz enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rola malik olub və bu gün bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində geniş layihələrə start verilib. İki qardaş ölkənin ərazisindən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat yolları isə strateji əhəmiyyət daşımaqla, multimodal marşrutun müqəddəratını müəyyənləşdirir ki, bu logistika ailəsinin ən layiqli üzvü kimi Pakistanın da təşəbbüskarlıq qətiyyətini artırmaqdadır. Nəticədə üçtərəfli format çoxşaxəli əməkdaşlıq blokuna çevrilməklə, regional sıçrayışa təkan verəcək.

Birgə tərəfdaşlıq, eyni zamanda, beynəlxalq platformalarda və təşkilatlarda həmrəylik gücə güc qatır, yeni reallıqlar yaradır. Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, habelə D-8 kimi beynəlxalq və regional platformalarda birgə səylərini möhkəmləndirən Azərbaycan, Türkiyə və Pakistan qlobal sülh və humanitar inkişaf məqsədlərində də töhfəverici aktorlardır.

Prezident İlham Əliyev üç dövlət arasında müdafiə sahəsində tərəfdaşlığın önəmindən bəhs edərək birgə hərbi təlimlər və hərbi-texniki sahədə layihələrin gerçəkləşməsi sayəsində silahlı qüvvələrin potensialının gücləndiyini və bu sarsılmaz hərbi qüdrətin geniş coğrafiyada sülhün və sabitliyin möhkəmlənməsinə töhfə verdiyini də diqqətə çatdırdı.

Eyni zamanda, Bakı-Ankara-İslamabad birliyinin güclənməsi və ortaq idealların bölüşülməsi regional proseslərə daha çox təsir göstərəcək. Qarşılıqlı sevgi, hörmət və etimada əsaslanan, eyni mədəniyyət mühitindən bəhrələnən üç qardaş dövlət öz strateji hədəflərinə doğru uğurla irəliləyir.

Hər üç dövlət Avropa ilə Asiyanın arasında son dərəcə strateji bir bölgədə yerləşir. Hazırda bu coğrafiyada və onun hüdudlarından kənarda təhlükəsizlik təhdidlərindən tutmuş iqtisadi çətinliklərə, enerji və qida böhranlarına qədər bir çox sınaqlarla üz-üzə qalan dövlətləri məhz həmrəylik və birgə fəaliyyət məqsədləri uğur hədəflərinə qovuşdurur. 350 milyon əhaliyə və 1,5 trilyon dollar iqtisadi gücə sahib olan üç ölkənin həmrəyliyi bölgənin sabitlik, rifah və inkişaf mərkəzinə çevrilməsini daha da gücləndirir, dünya ilə inteqrasiyasına, “İnkişaf Yolu”, “Orta Dəhliz” və “Şimal-Cənub Nəqliyyat Dəhlizi” kimi layihələrə töhfə verir.

Pakistan Baş naziri Şahbaz Şərifin diqqət çəkdiyi bir məqam da eyni niyyətə işarə edir. Onun “Silahdaş olan qardaşlar kimi biz sülh, ədalət və mənəvi dəyərləri hər zaman üstün tutacağıq” fikrini səsləndirməsi, Laçında Azərbaycan, Türkiyə və Pakistan bayraqlarının yanaşı dalğalanması hədsiz sevinc və fəxarət hissi doğurur. Bu bayraqlar bir yerdə, hər zaman yüksəklərdə ucalacaq, dalğalanacaqdır.

Beləliklə, Azərbaycan, Türkiyə və Pakistan Liderlərinin Laçın Zirvə görüşü qardaşlıq və müttəfiqlik ruhunun möhkəmlənməsi fonunda regionda yeni coğrafi-geostrateji reallıqların tamamlanmasında mühüm rol oynayacaq, əməkdaşlıq hədəflərini yeni səviyyəyə qaldıracaq, regionda və daha geniş coğrafiyada sülhə və firavanlığa töhfə verəcəkdir. Eyni zamanda, Zirvə görüşündə verilən mesajlar bütün region üçün yeni fürsət və imkanları qiymətləndirmək üçün tarixi çağırışlardır.