YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

28 May - Müstəqillik Günü Azərbaycan xalqının tarixində parlaq səhifədir

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

28 May - Müstəqillik Günü Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür. Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərmişdir. Qısa bir dövr yaşamasına baxmayaraq xalq və dövlət xeyrinə yüzlərlə qanun qəbul olunmuş, mütərəqqi islahatlar həyata keçirilmişdir. Dilindən, dinindən, cinsindən və irqindən asılı olmayaraq vətəndaşlara bərabərlik hüququ verilmişdir.İlk parlament və hökümət formalaşdırılmış açıq səs vermə yolu ilə həmin idarə orqanlarına ilk seçkilər keçirilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti yalnız siyasi, hərbi məsələlər deyil, xalqın milli kimliyinin qaytarılmasında, demokratik dəyərlərin təsis edilməsində, ana dilimizin elan edilməsi, təhsil, səhiyyə, mədəniyyət və s. kimi məsələlər də diqqət mərkəzində olmuş, mühüm fəaliyyətlər həyata keçirilmişdir. Belə ki, ilk dəfə qadınlara seçim hüququ tanıyan və gender bərabərliyini təmin edən, milli pul, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr, Bakı şəhərində universitet açmaq haqqında qanun qəbul edildi, digər ali və orta təhsil müəssisələrinin, habelə mədəniyyət ocaqlarının açılması üçün hazırlıqlar görülmüşdür. 

Müstəqilliyini itirən Azərbaycan illər sonra yenidən azadlığına qovuşmağı bacardı. XX əsrin sonlarında yenidən müstəqilliyinini qazanan Azərbaycan, bu dəfə öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi.

Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətini Prezident İlham Əliyev layiqli şəkildə davam etdirdi. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan şanlı Azərbaycan bayrağı işğaldan azad olmuş Qarabağımızın hər bir guşəsində dalğalanır. Prezident İlham Əliyevin 2021-ci il 15 oktyabr tarixində “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olmuşdur. Sözügedən Qanunla 28 May - Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilmişdir. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür. Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini təmin etməsi ilə ölkəmizin inkişafı daha sürətli şəkildə davam edir.