Xəbərlər
"Müasir Azərbaycan dövlətçiliyin inkişafı yolunda inamla addımlayır"

Göygöl Rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində 28 May - Müstəqillik Günü münasibətilə “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” mövzusunda dəyirmi masa keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra müstəqillik tariximizə həsr olunmuş videoçarx nümayiş olunub.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Kəmalə İbrahimova, partiya fəalı Günay Novruzzadə və digərləri çıxış edərək Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli yoldan geniş bəhs ediblər.
Keçdiyimiz tarixin, müstəqilliyi qoruyub saxlamağın onu əldə etməkdən daha çətin olduğu, 1991-ci ildə yenidən öz suverenliyini bərpa etmiş müasir Azərbaycanın Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və xidmətləri sayəsində bir dövlət kimi tarixin çətin və sərt sınaqlarından uğurla keçdiyi və inkişaf yoluna qədəm qoyaraq inamla irəliləməyə başladığı vurğulanıb.
Qeyd olunub ki, müasir Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətçiliyin inkişafı yolunda inamla addımlayır.