Xəbərlər
“Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir”

Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Mingəçevir şəhər Gənclər Evində 28 May - Müstəqillik Günü münasibətilə “Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir” mövzusunda konfransı keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi ehtiramla anılıb.
Daha sonra Müstəqillik Gününə həsr olunmuş sərgiyə baxış keçirilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
Sonra “Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir” mövzusunda film nümayiş etdirilib.
Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Mingəçevir Dövlət Universitetinin dosenti Vüqar Məmmədli, Mingəçevir Tibb Kollecinin müəllimi Kəmalə Hüseynova, Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, 1918-ci il mayın 28-də mürəkkəb siyasi-hərbi şəraitdə əsarət altında yaşayan, tarixi, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli Respublikasını yaradıb.
Qeyd olunub ki, cəmi 23 ay fəaliyyət göstərən AXC xalqımızın tarixində böyük iz qoyan tədbirlər həyata keçirib, Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaradıb. Xalq Cümhuriyyətinin yaranmasının Azərbaycanın dövlətçilik tarixinin qürurverici səhifəsi olduğu deyilib.