Xəbərlər
Əbədi Müstəqilliyimizin Təməl Günü – 28 May

Zahir Qəhrəmanov
YAP Şirvan şəhər təşkilatının sədri
Tarix millətlərin yaddaşı, kimliyi və gələcəyidir. Hər bir xalqın həyatında onun varlığını, müstəqilliyini və azadlıq ruhunu ifadə edən günlər olur. Azərbaycan xalqı üçün belə müqəddəs və şərəfli günlərdən biri 28 May – Respublika Günüdür. 1918-ci ilin bu günü, müsəlman Şərqində ilk dəfə olaraq demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Bu, təkcə Azərbaycanın deyil, bütün Şərqin tarixi üçün önəmli bir dönüş nöqtəsi idi.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, onun irsi xalqımızın yaddaşında dərin iz buraxdı. Cümhuriyyətin əsasını təşkil edən ideyalar – xalq hakimiyyəti, azadlıq, hüquq bərabərliyi və millətlərin birliyi – bu gün də bizim üçün aktuallığını qoruyur. O dövrdə qəbul edilən qərarlar – ilk milli ordu, təhsil islahatları, qadınlara səsvermə hüququnun verilməsi və dövlət rəmzlərinin yaradılması – xalqımızın maariflənməsi və milli özünüdərkinin formalaşması baxımından böyük əhəmiyyət kəsb edir.
Azərbaycan Xalq Cümhuriyyəti hər nə qədər qısa müddətdə fəaliyyət göstərsə də, onun qoyduğu təməl prinsiplər illər sonra xalqımızın istiqlal arzularını yenidən alovlandırdı. 1991-ci ildə SSRİ-nin dağılması ilə Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdi və bu dəfə Respublika ideyası daha möhkəm, daha şüurlu şəkildə həyata keçməyə başladı.
Müasir Azərbaycan Respublikası məhz 1918-ci ilin 28 mayında elan edilən Cümhuriyyətin varisi olaraq qəbul edilir. Dövlət atributlarımız – bayrağımız, gerbimiz, himnimiz – o dövrdən miras qalan milli dəyərlərimizin ifadəsidir. Bu gün biz azad, müstəqil və suveren bir ölkə kimi dünya xəritəsində öz yerimizi möhkəmləndirmişik və bu yolda atılan hər bir addımda Cümhuriyyət qurucularının əməyi və idealları yaşayır.
28 May bizə yalnız keçmişi xatırlatmır, həm də gələcəyə olan borcumuzu xatırladır. Gənc nəslin milli kimlik və azadlıq ruhunda tərbiyəsi, vətənə bağlı, təhsilli, savadlı, düşüncəli və məsuliyyətli bir cəmiyyətin qurulması – bu dəyərlər Respublika düşüncəsinin davamıdır. Cümhuriyyətin təməl prinsipləri bu gün də dövlətçiliyimizin əsas sütunlarıdır.
Bu gün Respublika Günü bizim üçün təkcə bir bayram deyil, həm də tarixi məsuliyyət daşıyan bir gündür. Müstəqillik asan qazanılmayıb, onu qorumaq isə daha böyük iradə, birlik və fədakarlıq tələb edir. Hər bir xalqın tarixində onun kimliyini müəyyən edən, milli ruhunu oyadan, gələcəyinə yol göstərən unudulmaz günlər olur. Azərbaycan xalqı üçün belə günlərdən biri – 28 May tarixidir. Bu gün, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə xalqımızın istiqlal arzularının gerçəyə çevrildiyi gündür. Bu, nəinki Azərbaycanın, eyni zamanda bütün Şərqin ilk demokratik respublikasının qurulduğu gündür. Bu tarixi miras, illər keçsə də, millətin yaddaşında silinməz iz qoymuşdur. Ulu Öndər Heydər Əliyev və onun siyasi kursunun davamçısı, Prezident İlham Əliyev, bu müqəddəs tarixi dəyərləndirərək onu müstəqil Azərbaycan dövlətçiliyinin təməl prinsipləri ilə birləşdirmişlər.
Heydər Əliyev öz çıxışlarının birində belə demişdir: “1918-ci il mayın 28-də yaranmış Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın çoxəsrlik tarixində ilk demokratik, hüquqi dövlət idi. Bu, xalqımızın azadlıq, müstəqillik uğrunda apardığı mübarizənin təntənəsi idi.”
Bu sözlərdə təkcə tarixi qiymətləndirmə deyil, həm də milli kimliyimizə, dövlətçilik şüurumuza yönəlik dərin fəlsəfə vardır. Ulu Öndər üçün Azərbaycan Xalq Cümhuriyyəti, yalnız keçmişin parlaq səhifəsi deyil, gələcəyin ideoloji bələdçisi idi. Onun dövlət idarəçiliyi bu dəyərlərin bərpasına, möhkəmləndirilməsinə və gələcək nəsillərə ötürülməsinə yönəlmişdi.
1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev, ölkəni parçalanmaqdan xilas edərək sabitliyi təmin etdi. O, XX əsrin əvvəllərində cəmi 23 ay yaşasa da, xalqın yaddaşında dərin iz buraxan Cümhuriyyətin ideyalarını dirçəltdi, Azərbaycanın müstəqilliyini dönməz və əbədi etdi.
Məhz bu irsi davam etdirən Prezident İlham Əliyev, ölkəmizi XXI əsrdə daha da gücləndirərək yeni siyasi reallıqlar yaratmışdır. O çıxışında, “Azərbaycan Xalq Cümhuriyyəti bizim şanlı tariximizdir. Biz bu tarixi yaşadırıq, ona sahib çıxırıq və onun ideyalarını bu gün də reallaşdırırıq” söyləmişdir.
Bu gün Azərbaycan artıq yalnız müstəqil deyil – o, güclü, qalib, öz torpaqlarını işğaldan azad etmiş, regional və qlobal səviyyədə söz sahibi olan bir dövlətdir. İlham Əliyevin rəhbərliyi ilə qazanılan Vətən müharibəsindəki qələbə bir daha sübut etdi ki, 1918-ci ildə atılan addımlar, bu gün tarixi ədalətin bərpası ilə davam edir.
Prezidentin bir digər sitatında olduğu kimi “Bu gün – 28 May tarixini biz tam fərqli reallıqlar fonunda qeyd edirik. Artıq ərazi bütövlüyümüz təmin olunub. Bu, xalqımızın gücünü, dövlətimizin qüdrətini nümayiş etdirir.”
Bu fikirlər bir daha sübut edir ki, müstəqillik yalnız siyasi akt deyil, eyni zamanda mübarizə, əzm, qürur və xalqın birliyinin təzahürüdür. Azərbaycan xalqı Heydər Əliyev ideyalarına sadiq qalaraq, İlham Əliyev liderliyində tarixinin ən güclü və şərəfli dövrünü yaşayır.
28 May – Respublika Günü sadəcə bir tarix deyil. Bu gün, milli şüurun, dövlətçiliyin, azadlıq eşqinin simvoludur. Ulu Öndər Heydər Əliyev bu şamı yandırdı, Prezident İlham Əliyev isə onu alova çevirdi. Bizə düşən isə bu müqəddəs şamın işığında daha güclü gələcək qurmaq, müstəqilliyimizi qorumaq və daim uca tutmaqdır.
Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin çıxışında dediyi kimi dəfələrlə vurğulayıb ki, Azərbaycanın müstəqilliyi dönməz və əbədidir. O, 28 May tarixinin əhəmiyyətinə toxunaraq demişdir: “28 May bizim tariximizdə şanlı bir gündür. 1918-ci ildə Azərbaycan xalqı bütün Şərqdə ilk dəfə olaraq respublika qurdu. Biz bu tarixi yaşatmalıyıq və gənc nəsillərə çatdırmalıyıq.”
Hazırda Azərbaycan güclü ordusu, möhkəm iqtisadiyyatı, artan beynəlxalq nüfuzu və milli həmrəyliyi ilə dünyada müstəqil və söz sahibi olan bir dövlətdir. 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər də məhz Respublika ideyalarının – milli birliyin, dövlət müstəqilliyinin və azadlıq ruhunun təntənəsi oldu. Prezidentin bu sözləri isə bu qələbənin siyasi və ideoloji məzmununu açıq şəkildə ifadə edir: “Biz tarixdə heç vaxt indiki qədər güclü olmamışıq. Müstəqillik bizim ən böyük sərvətimizdir.”
Biz – bu xalqın bir parçası olaraq, bu müqəddəs mirasa sahib çıxmaq, onu qorumaq və gələcək nəsillərə daha da gücləndirərək ötürmək məsuliyyəti daşıyırıq. Respublika düşüncəsi təkcə bir idarəetmə forması deyil – bu, azadlıq, məsuliyyət, hüquq, vicdan və ədalət ideologiyasıdır. Və biz bu ideologiyanın daşıyıcıları olaraq yaşamalı, çalışmalı və mübarizə aparmalıyıq.