YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qürurlu tarix, şərəfli gələcək

İqbal Əmənullayev

YAP Lənkəran rayon təşkilatının sədri

Bəşəriyyət tarixinin ən dəhşətli müstəmləkə rejimlərindən olan çar Rusiyası Azərbaycan xalqının dövlətçilik ənənələrini məhv edə bilmədi.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalayaraq Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmişdir. Lakin cəmi 23 aydan sonra Azərbaycan Demokratik Respublikası süqut etmişdir. 1991-ci il oktyabrın 18-də isə “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının” qəbul edilməsi ilə ölkəmiz dövlət müstəqilliyini bərpa edərək Şərqdə ilk respublikanın varisi kimi Azərbaycan tarixinin yeni bir dövrünə qədəm qoymuşdur. Beləliklə, XX əsr Azərbaycanın dövlət müstəqilliyinin həm elan olunması, həm də bərpa edilməsi ilə əlamətdar olmuşdur.

Hələ zamanında dövlət müstəqilliyini xalqımızın ən böyük tarixi nailiyyəti adlandıran Ulu Öndər Heydər Əliyev Azərbaycan Demokratik Respublikasının yarandığı günü məhz müstəqillik günü kimi dəyərləndirmiş və bunu obyektiv yanaşmalarla əsaslandırmışdı. Onun 1999-cu ildə 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı müraciətdə deyilir: “...1918-ci ildə Azərbaycan xalqı öz müstəqilliyinə nail ola bildi, xalq cümhuriyyəti yarandı. Azərbaycanda Şərq aləmində ilk dəfə demokratik, hüquqi dövlət yarandı, xalq cümhuriyyəti qısa bir zamanda çox işlər gördü. Ən mühümü odur ki, Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin əsaslarını qurdu, Azərbaycan dövlətinin, hökumətinin təsisatlarını yaratdı”. Bu baxımdan 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü adı ilə bayram kimi qeyd olunması barədə qərarın qəbul edilməsi məntiqi nəticədir.

Xalqımızın gerçək müstəqilliyə gedən yolu çox keşməkeşli və ağır proseslərlə müşayiət olunmuşdur. Belə ki, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunmasına baxmayaraq ilkin mərhələdə Ermənistanın təcavüzü və hakimiyyət uğrunda daxili çəkişmələr çox keçmədən Azərbaycanı əldə edilmiş tarixi nailiyyətin yenidən itirilməsi təhlükəsi ilə üz-üzə qoymuşdu. Həmin dövrün hadisələri göstərir ki, Azərbaycanın gecikmiş müstəqilliyinin elanı SSRİ miqyasında cərəyan edən təbii proseslərin nəticəsi idi. Bu hansısa hərəkatın və ya siyasi qruplaşmanın xidməti deyildi.

Qarabağ torpaqlarının işğalı, separatizm meyilləri, iqtisadi və sosial tənəzzül, yüz minlərlə məcburi köçkün və qaçqının həllini tapmayan ağır problemləri ilə müşaiyət olunan proseslər sonda ölkəni vətəndaş müharibəsinə sürüklədi. Ona görə də hakimiyyətə inamını tamamilə itirmiş xalq nicat yolunu yalnız Sovet Azərbaycanına rəhbərlik etdiyi birinci dönəmdə (1969-1982-ci illər) qurucu lider kimi xalqın böyük rəğbətini qazanmış Heydər Əliyevi hakimiyyətə dəvət etməkdə gördü. Çünki SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan məhz Heydər Əliyevin fədakarlığı sayəsində elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrilmişdi. Respublikanın 1978-ci ildə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması, azərbaycançılıq ideologiyasının formalaşması istiqamətində atılan addımlar, peşəkar hərbçilərin hazırlanması işinə xüsusi diqqət yetirilməsi və bir çox digər məsələlər Heydər Əliyevin milli azadlıq ideyasına söykənirdi. Bu baxımdan inamla demək olar ki, həmin dövr, eyni zamanda, milli özünüdərkin möhkəmlənməsi mərhələsidir. Təsadüfi deyil ki, o zaman İttifaq miqyasında iqtisadi cəhətdən özünü tam təmin edə bilən iki respublikadan biri məhz Azərbaycan olmuşdur ki, bu da heç kimdən asılı olmadan müstəqil yaşamaq imkanı deməkdir. Sonralar həmin dövrdə həyata keçirilmiş tədbirlərdən danışan ulu öndər Heydər Əliyev demişdir: “Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur”.

1990-cı il iyulunda Bakıya gələn və sonra Naxçıvanın harayına yetişən Heydər Əliyev həmin il noyabrın 17-də Muxtar Respublikanın Ali Məclisinin Sədri seçildi. O, hələ müstəqilliyin rəsmi bəyan olunmadığı bir vaxtda üçrəngli bayrağımızı qaldıraraq Naxçıvanda Sovet rejiminın sonuna çıxmaqla müstəqilliyimizin bərpasına gedən yolun təməlini qoymuş oldu. Prezident İlham Əliyev mayın 10-da Heydər Əliyevin 100 illiyi münasibətilə Şuşadan xalqa tarixi müraciətində bu həqiqəti bir daha vurğulamışdır: “Müstəqilliyə gedən yol da məhz Naxçıvandan başlamışdır. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Bayrağı Naxçıvan Ali Məclisinin sessiyasında Dövlət Bayrağı kimi təsis edilmişdir”.

Zaman göstərdi ki, 1993-cü ilə qədər müstəqil siyasətdən əsər-əlamət yox idi. Xarici dövlətlər beynalxalq münasibətlər sistemində Azərbaycanı müstəqil subyekt kimi qəbul etmirdilər. Müstəqillik bəyan olunsa da, suverenlikdən söhbət gedə bilmədi. Azərbaycan milli suverenliyini, əsl müstəqilliyini məhz Heydər Əliyevin ölkəmizə rəhbərlik etməsindən sonra əldə etdi. Əgər o zaman xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev amili olmasaydı, Azərbaycan bir dövlət olaraq ümumiyyətlə dünya xəritəsindən silinə bilərdi. Ulu öndərin söylədiyi “Müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir” kimi tarixi həqiqət XX əsr ölkə tarixinin məhz bu reallıqlarına söykənir. Heydər Əliyevin güclü siyasi iradəsi və əzmi sayəsində və dövlət müstəqilliyinin möhkəmləndirilməsi və dönməzliyinin təmin edilməsi istiqamətində həyata keçirdiyi ardıcıl siyasi kurs nəticəsində xalqımız bu dəfə müstəqillik şansından davamlı olaraq bəhrələnə bildi. Prezident İlham Əliyev Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və inkişafı naminə göstərdiyi fəaliyyətə siyasi qiymət verərkən demişdir: “1993-cü ildən başlayaraq Azərbaycan bu günə qədər uğurlu inkişaf yolu ilə gedir. Məhz o illərdə Heydər Əliyevin rəhbərliyi altında bizim inkişafımızla bağlı strateji seçimlər edilmişdir ki, Azərbaycan müasir, demokratik ölkə kimi inkişaf etsin”.

Heydər Əliyev ideyalarının ən etibarlı və sədaqətli davamçısı olan cənab İlham Əliyev 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildiyi ilk gündən islahatçı lider kimi ölkənin yeni inkişaf konsepsiyasını ortaya qoydu. Müstəqil ölkə olaraq Azərbaycanın dünya ölkələri sırasında layiqli yer tutması, söz sahibi olması, daim artan nüfuzu məhz onun yorulmaz fəaliyyətinin nəticəsidir. Müstəqilliyimizin bu tarixi mərhələsində ölkəmiz yeni nəsil dövlət modelini dünyaya təqdim etməkdədir. İndi Cənubi Qafqazın lider dövləti olan Azərbaycan beynəlxalq səviyyədə vacib aktor rolunu oynayır, mütərəqqi təşəbbüslərlə çıxış edir. Ölkəmiz 120 dövlətin birləşdiyi Qoşulmama Hərəkatına sədrlik edir, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində nüfuzlu mövqe sahibidir. Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi tolerant məkana çevrilmişdir. Bütün sahələr üzrə həyata keçirilən və ilk növbədə insan amilinə söykənən tarixi islahatlar və genişmiqyaslı dövlət proqramları müstəqilliyimizin əsaslarını möhkəmləndirən amil kimi ölkəmizin dinamik inkişafını hədəfləyir.

Otuz il ərzində Ermənistanın zəbt etdiyi Qarabağ torpaqları 2020-ci ilin sonlarında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edildi və “Xalq-Prezident-Ordu” birliyinin təcəssümü olan 44 günlük Vətən müharibəsi nəticəsində qazandığımız böyük tarixi Qələbə sayəsində dövlət müstəqilliyinin ən vacib elementlərindən biri olan ərazi bütövlüyümüz bərpa olundu. Beləliklə, ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyi-nin dönməzliyini, onun ən ümdə vəsiyyətinə ləyaqətlə əməl edən cənab İlham Əliyev isə ölkənin ərazi bütövlüyünü təmin etdi.

Şübhə yoxdur ki, yeni reallıqlar, ilk növbədə, məhz Azərbaycanın müstəqil dövlət kimi dünya miqyasında daha güclü mövqe əldə etməsi üçün real zəmin yaradır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin xalqa müraciətində söylədiyi kimi: “Müstəqillik ən böyük nemətdir, ən böyük sərvətdir. Bu gün biz bütün azərbaycanlılar qürur hissi ilə qeyd edirik ki, biz sözün əsl mənasında, müstəqil ölkə kimi yaşayırıq”.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi.

Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi.

Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Ümummilli Liderin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının sərəncamları ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Xalqımız Cümhuriyyətin yarandığı 28 May – Müstəqillik Gününü bu il də milli bayram kimi qeyd edir.

DİGƏR Xəbərlər Arxiv