YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Türk dünyasının birliyinə doğru növbəti addım

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

 2025-ci ilin 21 may tarixində Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirildi. Bu görüş təkcə təşkilatın üzv dövlətləri üçün deyil, bütövlükdə Türk dünyası üçün strateji əhəmiyyət kəsb edən hadisə oldu. Qeyd etmək lazımdır ki, TDT-yə üzv ölkələrin dövlət və hökumət başçılarının Macarıstanda keçirilən qeyri-rəsmi Zirvə görüşü Türk dünyasının konsolidasiyasında mühüm həlqə kimi dəyərləndirilməlidir. Tarixdə ilk dəfə türk dövlətlərinin liderləri Avropaya toplaşaraq “vahid türk ailəsi” ideyasına sadiq olduqlarını nümayiş etdirdilər. Həmçinin TDT son illərdə siyasi, iqtisadi və mədəni əməkdaşlığın gücləndirilməsi istiqamətində atdığı addımlarla Avrasiyanın əsas strateji birliklərindən birinə çevrilməkdədir. Regional və qlobal proseslərdə təsir dairəsini genişləndirən təşkilat üzv dövlətlər arasında həmrəylik və ortaq maraqlara əsaslanan əlaqələri daha da dərinləşdirir. Enerji, nəqliyyat, təhlükəsizlik və informasiya sahələrində ortaq layihələrin reallaşdırılması TDT-nin gələcək perspektivlərini möhkəmləndirən əsas amillər kimi qiymətləndirilir. Görüşdə təşkilatın mövcud vəziyyəti, gələcək inkişaf istiqamətləri, üzv dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsi, regional təhlükəsizlik və ortaq mədəni irsin qorunması məsələləri müzakirə edildi.

Zirvə görüşünün Macarıstanın paytaxtında keçirilməsi isə heç də təsadüfi deyildi. Macarıstan TDT-də müşahidəçi dövlət statusuna malikdir və son illərdə Türk dünyası ilə əlaqələrini əhəmiyyətli dərəcədə genişləndirib. Bu qeyri-rəsmi Zirvə görüşü təşkilatın Avropa ilə inteqrasiyasında yeni bir mərhələ kimi qiymətləndirilir. Eyni zamanda Türk dövlətlərinin yalnız Orta Asiya və Qafqaz regionunda deyil, Avropa geosiyasi məkanında da təsir gücünün artdığını göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündəki çıxışında bir sıra mühüm məsələlərə toxundu. Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Prezident qeyd etdi: “Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərindən birinə çevrilməlidir. Bizim ortaq tariximiz, dilimiz, mədəniyyətimiz və maraqlarımız bu birliyi labüd edir.”

Prezident İlham Əliyev, çıxışında həmçinin Azərbaycanın təşəbbüsü ilə irəli sürülən regional nəqliyyat və enerji layihələrinin Türk dünyasının iqtisadi inteqrasiyasında oynadığı rola da diqqət çəkdi. O, həmçinin Zəngəzur dəhlizinin açılması perspektivinin, Türk dövlətləri arasında fiziki bağlantının güclənməsi baxımından vacibliyini vurğuladı.

Zirvə görüşündə müzakirə olunan əsas məsələlər arasında iqtisadi inteqrasiya xüsusi yer tuturdu. Türk dövlətləri arasında ticarət dövriyyəsinin artırılması, sərmayə qoyuluşlarının təşviqi və ortaq layihələrin icrası bu baxımdan mühüm mövzular idi. Təhlükəsizlik sahəsində əməkdaşlıq da diqqət mərkəzində oldu. Üzv dövlətlər regional sabitliyin və terrorizmə qarşı birgə mübarizənin vacibliyini vurğuladılar. Mədəni sahədə isə ortaq türk mədəni irsinin qorunması və təbliği, ortaq tarix dərsliklərinin hazırlanması və gənclər arasında mübadilə proqramlarının genişləndirilməsi barədə razılığa gəlindi.

Macarıstanın Baş naziri Viktor Orban Zirvə görüşündə çıxış edərək qeyd etdi ki, ölkəsi Türk dövlətləri ilə əlaqələri daha da dərinləşdirmək niyyətindədir. Onun fikrincə, TDT Qərb ilə Şərq arasında körpü rolunu oynaya bilər. Budapeştdə keçirilmiş qeyri-rəsmi Zirvə görüşü, Türk Dövlətləri Təşkilatının təkcə tarixi və mədəni bağlara əsaslanan bir birlik olmadığını, eyni zamanda real siyasi və iqtisadi gücə çevrilməkdə olduğunu bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev və digər dövlət başçılarının strateji yanaşmaları, Türk dünyasının gələcəyinə dair ümumi baxışı və qarşılıqlı anlaşması bu təşkilatın potensialını tam reallaşdırmaq üçün geniş imkanlar yaradır.

DİGƏR Xəbərlər Arxiv