Xəbərlər
“Müstəqilliyə aparan yolda Ulu Öndər Heydər Əliyevin müdrikliyi”

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və “İnşaatçılar pr.98” (XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi MMC) ünvanı üzrə ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 28 May-Müstəqillik Gününə həsr olunmuş “Müstəqilliyə aparan yolda Ulu Öndər Heydər Əliyevin müdrikliyi” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə və YAP Veteranlar Şurasının üzvü Arif Qaraşov yaradılmasının 107-ci ildönümünü qeyd olunan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının müstəqillik tariximizin ən mühüm hadisələrindən olduğunu deyib, cəmi 23 ay mövcud olmuş Cümhuriyyətin Şərqdə demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərdiyini qeyd ediblər.
Vurğulanıb ki, Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaradıb: “Azərbaycan yenidən vətəndaş müharibəsi və müstəqilliyini itirmək təhlükəsi ilə üzləşəndə, Ümummilli Lider Heydər Əliyev ölkənin çətin dönəmində xalqın gücünə arxalanaraq məsuliyyəti öz üzərinə götürərək Azərbaycanı bir dövlət kimi tarixin çətin və sərt sınaqlarından çıxardı və ölkəmiz inkişaf yoluna qədəm qoyaraq inamla irəliləməyə başladı”.
Çıxışlardan sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup partiya üzvünə fəxri fərman təqdim olunub.
Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Tədbir bədii hissə ilə davam edib.