Xəbərlər
TDT Zirvəsi və Azərbaycanın qlobal təşəbbüsləri

Fəsli Nəbiyev
YAP Gənclər Birliyinin sədr müavini
21 may 2025-ci il tarixində Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı Türk dünyasının birliyinə verdiyi önəmi və Azərbaycanın bölgədə artan strateji əhəmiyyətini bir daha nümayiş etdirir. Dövlətimizin başçısı Azərbaycan ilə Macarıstan arasında dərinləşən münasibətləri vurğulayaraq bu ölkəni etibarlı strateji tərəfdaş kimi qiymətləndirib. Macarıstanın müstəqil siyasəti və artan beynəlxalq nüfuzu regional əməkdaşlığa böyük töhfə verir.
Azərbaycanın təşəbbüsü ilə keçirilmiş Şuşa Zirvə görüşünün davamı olan Budapeşt toplantısı, türkdilli dövlətlər arasında siyasi və iqtisadi inteqrasiyanı gücləndirmək məqsədi daşıyır. Prezident İlham Əliyev çıxışında Azərbaycan tərəfindən türk dövlətlərinə qoyulmuş 20 milyard dollardan artıq sərmayəni xatırladaraq iqtisadi əməkdaşlığın daha da genişlənəcəyini qeyd edib. 2024-cü ildə istifadəyə verilməsi planlaşdırılan Türk İnvestisiya Fondunun bu istiqamətdə önəmli rol oynayacağı vurğulanıb.
Cənab İlham Əliyev nəqliyyat və logistika sahəsində Azərbaycanın qazandığı nailiyyətlər barədə məlumat verib. Avtomobil yolları, dəmir yolu xətləri, hava və dəniz nəqliyyatı üzrə iri infrastruktur layihələri ölkəni Avrasiyanın əsas tranzit mərkəzlərindən birinə çevirib. Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyətinin 5 milyon tona çatdırılması, vahid rəqəmsal platforma layihələri və yeni gəmi inşası kimi addımlar bu strategiyanın əsas dayaqlarıdır.
Zirvə görüşündə həmçinin COP29-un uğurla keçirilməsindən bəhs edən dövlətimizin başçısı Azərbaycanın qlobal iqlim gündəmində oynadığı rolu diqqətə çatdırıb. 197 ölkədən 77 min nümayəndənin iştirak etdiyi bu mötəbər tədbir “Bakı sıçrayışı” kimi tarixə düşərək Qlobal Şimal ilə Qlobal Cənub arasında körpü rolunu oynadı. İqlim maliyyəsi və karbon bazarları üzrə əldə olunan konsensus isə Azərbaycanın beynəlxalq liderliyini daha da möhkəmləndirib.
Görüş çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji üzrə strateji tərəfdaşlıq sazişinin imzalanması da diqqətəlayiq hadisələrdən biri oldu. Bu saziş vasitəsilə Xəzər-Qara dəniz marşrutu ilə yaşıl enerjinin dünya bazarlarına çıxışı üçün yeni imkanlar yaranacaq.
Bu Zirvə görüşü Türk Dövlətləri Təşkilatının güclənən siyasi-iqtisadi təsirinin və Azərbaycanın bu prosesdə oynadığı lider rolunun bariz nümunəsi kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan təkcə bölgənin deyil bütövlükdə türk dünyasının inkişafında və birliyində əsas aparıcı qüvvədir. Onun səyləri nəticəsində Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq daha dərin, daha institusional və daha strateji xarakter almaqdadır.