YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarşılıqlı səfərlər əlaqələrdə yeni səhifələr açır

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Hər zaman vurğulandığı kimi, Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri uğurlarının davamlılığında əhəmiyyətli rol oynayır. Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr qurur. Heç bir dövlətin daxili işinə müdaxilə etmir, öz daxili işinə də müdaxiləni yolverilməz hesab edir. Uğurlarımızı şərtləndirən digər amillər isə   möhkəm təməl, düşünülmüş siyasət, eyni zamanda, hər dövrün çağırışlarının düzgün dəyərləndirilərək reallıqda əksini tapmasıdır.

Tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonrakı dövr Azərbaycanın bütün sahələrdə uğurlu inkişafı ilə diqqətdədir. Mövcud imkanlar yeni əməkdaşlıq formatlarının yaradılmasına, eyni zamanda, ənənəvi tərəfdaşlarla əlaqələrin yeni istiqamətlər üzrə inkişaf etdirilməsinə yol açır.

Dövlət başçısı İlham Əliyevin bu günlərdə Macarıstana işgüzar səfəri, Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirakı bütün bu məqamlara bir daha işıq saldı.

Qarşılıqlı səfərlər əlaqələrdə yeni səhifələr açır. Azərbaycan Prezidenti Macarıstanda 2023-cü ilin yanvar ayında rəsmi, avqust ayında işgüzar, Macarıstanın Baş naziri Azərbaycanda 2023-cü ilin noyabr, 2024-cü ilin iyul və noyabr aylarında işgüzar səfərlərdə olublar. Viktor Orbanın Türk Dövlətləri Təşkilatı (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak üçün ötən il Şuşaya səfəri həmin dövrdə Macarıstanın Avropa İttifaqı (Aİ) Şurasına sədrlik etməsi, eləcə də Aİ-yə üzv ölkələrin dövlət və hökumət başçıları səviyyəsində Şuşaya ilk səfər olması baxımından mühüm əhəmiyyət kəsb edib.   

İkitərəfli əməkdaşlığın möhkəmlənməsi istiqamətində mühüm addımlardan biri də Azərbaycan-Macarıstan Strateji Dialoqunun təsis edilməsidir. Bu çərçivədə ilk iclas 2023-cü ilin sentyabrında Budapeştdə, ikinci iclas isə 2024-cü ilin iyununda Bakıda baş tutub. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də yaxından əməkdaşlıq edir, bir-birinin təşəbbüslərini dəstəkləyir. Macarıstan Avropa İttifaqı, Avropa Şurası və digər Avropa strukturlarında ölkəmizin maraqlarını hər zaman müdafiə edir. Türk Dövlətləri Təşkilatının Budapeştdəki Nümayəndəliyi Ofisinin fəaliyyəti və Macarıstanın bu təşkilatda müşahidəçi statusu da mədəni və siyasi əməkdaşlıq baxımından xüsusi əhəmiyyət kəsb edir.

Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında Azərbaycan-Macarıstan əlaqələrinin bütün sahələrdə uğurlu inkişafından geniş bəhs edərək bildirdi ki, Macarıstanın təşəbbüsü ilə  ikinci qeyri-rəsmi Zirvə görüşü keçirildi. Birinci Zirvə görüşü keçən il Şuşa şəhərində keçirilmişdir. Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinin təşəbbüskarı Azərbaycan olmuşdur və bu estafeti bizdən Macarıstan alıb, biz bunu alqışlayırıq. Bu, bir daha onu göstərir ki, Macarıstan öz tarixi köklərinə çox bağlıdır, bu, bizi də çox sevindirir.

Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir. Çünki bir çox qaydalar var, bir çox oturuşmuş prinsiplər var və Avropa İttifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir: “Buna baxmayaraq, dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub. Biz bunu alqışlayırıq. Hər zaman Macarıstanın maraqlarını qoruyub və Macarıstan üçün nə xeyir gətirirsə, o təşəbbüslərə qoşulub, nə xeyir gətirmirsə, o təşəbbüslərdən həmişə uzaq olub. Yenə də deyirəm, Avropa İttifaqının içində ola-ola bu siyasəti aparmaq, deyə bilərəm ki, doğrudan da böyük qəhrəmanlıq tələb edir, siyasi iradə tələb edir və düşünülmüş siyasət tələb edir. Bütün bunlar da Macarıstanda var”.

Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündəki çıxışında da cənab İlham Əliyev diqqəti Azərbaycan-Macarıstan münasibətlərinə yönəldərək qarşılıqlı səfərlərin davamlılığını xüsusi vurğuladı: “Azərbaycan ilə Macarıstan arasında əlaqələrin inkişafı məmnunluq doğurur. Bu, mənim Macarıstana 6-cı səfərimdir. Cənab Orban isə Azərbaycana 7 dəfə səfər etmişdir. Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır. Macarıstan müstəqil siyasət aparan ölkədir və beynəlxalq nüfuzu daim artmaqdadır. Əldə edilmiş bütün uğurlar münasibətilə Baş nazir Viktor Orbanı təbrik edirəm”.

Azərbaycan türk dünyasının birliyinə davamlı töhfələri ilə diqqətdədir. Cənab İlham Əliyev Zirvə görüşündə bu il ölkəmizin Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə ev sahibliyi edəcəyini önə çəkərək tədbir iştirakçılarını  Azərbaycana dəvət etdi.