Xəbərlər
Strateji tərəfdaşlıq, dostluq qarşılıqlı hörmətə əsaslanır

Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri
Azərbaycan və Macarıstan arasında iqtisadi əlaqələr, strateji tərəfdaşlıq, dostluq qarşılıqlı hörmətə əsaslanır və hər il daha da möhkəmlənir. 2024-cü ilin sonuna olan göstəricilərə əsasən ölkələrimiz arasındakı ticarət dövriyyəsində 29 faiz artım müşahidə edilib ki, bu da əlaqələrin möhkəmlənməsinin və inkişafının əhəmiyyətli göstəricisidir. Bu artım Azərbaycanın Avropa bazarlarında daha çox yer tutmasının və Macarıstanla ticarət əlaqələrinin genişlənməsinin nəticəsidir. Bu əməkdaşlıq yalnız iqtisadi artımı təmin etmir, eyni zamanda, ölkələr arasında strateji əlaqələrin dərinləşməsinə və qarşılıqlı fayda əsasında yeni layihələrin həyata keçirilməsinə imkan yaradır.
Macarıstan davamlı olaraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyib. Macarıstan şirkətləri işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərində iştirak etməkdə maraqlıdır. “KÉSZ” şirkətlər qrupu Cəbrayıl rayonunun Soltanlı kəndinin yenidən qurulmasını həyata keçirir. Macarıstan hökumətinin vəsaiti hesabına Soltanlı kəndində məktəbəqədər və ümumi təhsil müəssisələri üçün binalar inşa ediləcək. Bakıda keçirilən Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” - “Rebuild Karabakh” sərgilərində ənənəvi olaraq Macarıstan şirkətləri iştirak edirlər.
Qeyd etdiklərimiz Azərbaycan-Macarıstan münasibətlərinin möhkəm təmələ əsaslandığını bir daha təsdiqləyir. Dövlət başçısı İlham Əliyev bu günlərdə Macarıstana işgüzar səfəri çərçivəsində mətbuata bəyanatında ölkələrimiz arasında mövcud əlaqələrdən geniş bəhs edərək diqqəti energetika sahəsində uğurlu əməkdaşlığa yönəltdi. Vurğuladı ki, bizim ikitərəfli gündəliyimiz də kifayət qədər genişdir. Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir - “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaqdır. Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Biz keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlamışıq. Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik. Qaz resurs bazamız kifayət qədər genişdir və genişlənir, yeni qaz yataqları istismara veriləcək. Azərbaycan bu gün 12 ölkəyə təbii qaz ixrac edir. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür. Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi tanıyır. Əgər biz qaz ixracının coğrafiyasına baxsaq, görərik ki, burada nəinki Avropa məkanında, dünya miqyasında boru xətti ilə nəql edilən qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir. Bizim gələcəkdə qaz ehtiyatlarımızın işlənilməsi nəzərdə tutulur. Biz, eyni zamanda, Macarıstanla yaşıl enerji üzrə fəal işləyirik. Azərbaycanın çox böyükmiqyaslı yaşıl enerji gündəliyi vardır: “Biz növbəti beş il ərzində 6 min meqavat gücündə yaşıl enerji istehsal edəcəyik. 500 meqavat son iki il ərzində yaradıldı, 6 min meqavat beş il ərzində təmin ediləcək. Yəni bu, reallaşacaq layihələrdir. Təkcə bu layihələr bizə təqribən 3-4 milyard kubmetr qaza qənaət etmək üçün imkan yaradacaq ki, bunun da əsas istiqaməti təbii ki, Türkiyə və Avropa ölkələri olacaqdır”.
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə də Azərbaycanın bərpaolunan enerji sahəsində mövcud imkanlarından, ötən il ölkəmizin ev sahibliyi etdiyi COP29 iqlim konfransından bəhs etdi. Vurğuladı ki, təxminən 200 ölkənin yekdil qərarı ilə 2024-cü ilin noyabr ayında Azərbaycanda COP29 kimi mötəbər konfrans keçirilmişdir. Hazırlıq üçün cəmi 11 ay vaxt olmasına baxmayaraq, COP29-u yüksək səviyyədə təşkil etməyə nail olduq. Qeydiyyatdan keçmiş 77 min iştirakçı 197 ölkəni təmsil edirdi. Konfransda 70 dövlət və hökumət başçısı iştirak etmişdir. Azərbaycan COP29-da Qlobal Cənubla Qlobal Şimal arasında körpü qurmağa müvəffəq oldu. Bakıda qlobal iqlim gündəliyi ilə bağlı ciddi qərarlar qəbul edildi. Əsas nailiyyət inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılmasını nəzərdə tutan yeni maliyyə hədəfi barədə razılaşmadır. Bundan başqa, 10 il ərzində razılıq əldə edilməsi mümkün olmayan karbon bazarlarının tənzimlənməsi barədə konsensusa nail olundu, İtki və Zərər Fondu işlək vəziyyətə gətirildi. COP29 böyük uğurlara imza atmış və tarixə “Bakı sıçrayışı” kimi daxil olmuşdur. COP29 zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçıları tərəfindən yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişi imzalanmışdır. Bu saziş ölkələrimizdə istehsal edilən yaşıl enerjinin Xəzər-Qara dəniz marşrutu ilə dünya bazarlarına ixracı üçün geniş imkanlar yaradır.
Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinin təşəbbüskarının Azərbaycan olduğunu önə çəkən cənab İlham Əliyev bu estafeti bizdən Macarıstanın aldığını bildirdi: “Biz bunu alqışlayırıq. Bu, bir daha onu göstərir ki, Macarıstan öz tarixi köklərinə çox bağlıdır, bu, bizi də çox sevindirir”.