Xəbərlər
Mehriban xanım Əliyevanın xoşməramlı missiyası Ulu Öndərin ideyalarını təcəssüm etdirir

Rəna Mirzəzadə
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, professor
Dünya ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın dövlət siyasətinin mühüm tərkib hissəsidir. Dövlətimizin başçısı İlham Əliyevin “Mən hər bir azərbaycanlının Prezidentiyəm” strateji yolu və Birinci vitse-prezident Mehriban Əliyevanın “Azərbaycanlı olduğuma görə çox qürurluyam” fikri Ümummilli Lider Heydər Əliyevin milli qürur və dövlətçilik əqidəsini təcəssüm etdirən “Mən fəxr edirəm ki, azərbaycanlıyam” ifadəsi ilə vəhdət təşkil edir, həmçinin milli həmrəyliyi ifadə edir.
Azərbaycan Qərblə Şərqin qovşağında yerləşir. Ulu Öndər beynəlxalq əlaqələr - geosiyasi, mədəni, ictimai-elmi, humanitar sahələrdə Azərbaycanın geostrateji birləşdirici körpü olmasını daim diqqətdə saxlamışdır. Ümummilli Lider dünya dövlətləri ilə qarşılıqlı əməkdaşlıq yaratmış, regionda yaxın qonşuluq münasibətlərini tənzimləmişdir və bu siyasət hazırda uğurlu davam etdirilir. Ulu Öndər söyləmişdir: “Biz bütün qonşularımızla sülh şəraitində yaşamalıyıq”.
Dahi Lider tərəfindən dünya ölkələri ilə imzalanan ikitərəfli əməkdaşlıq üzrə müqavilələrdə hərbi, texniki, iqtisadi mədəni-əbədi və elmi istiqamətlərdə bərabər hüquqlu prinsiplərlə qarşılıqlı münasibətlər yaradılmışdır. Türk Dövlətləri Təşkilatı ölkələri ilə əlaqələr hər zaman aktual olmuşdur.
Birinci xanım Mehriban Əliyevanın fitri istedadı, bacarığı, mükəmməl təhsili, praqmatik zəkası bütün dünyada heyrət doğurur. Azərbaycanın Birinci vitse-prezidenti qeyd etmişdir: “Ulu Öndər Heydər Əliyev müdrik, güclü, cəsarətli, nəhəng intellektə və yenilməz iradəyə malik olan insan idi. Eyni zamanda onun ailə üzvü olaraq demək istərdim ki, o, çox xeyirxah, mərhəmətli və humanist insan idi. Adi insanla münasibətdə o, çox sadə və ədalətli idi”.
Ulu Öndər tərəfindən müəyyənləşdirilən xarici siyasət strategiyası Heydər Əliyev məktəbinin örnək yetirməsi olan Mehriban xanım Əliyeva tərəfindən yeni dünya düzəninə uyğun olaraq xeyriyyəçilik və mədəni humanizm diplomatiyasında ehtiva olunur. Onun azərbaycançılıq ideologiyasına bağlılıq, dövlətçilik institutunun ictimai-siyasi-humanitar kontekstdə yüksəlişi naminə fəaliyyəti xalqımız tərəfindən təqdir olunur. Mehriban xanım Əliyeva dünyanın əksər ölkələrində ictimai-siyasi və diplomatik-humanitar fəaliyyəti ilə nümunəvi dövlət xadimi kimi tanınır.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ictimai-mədəni diplomatiya strategiyası – Azərbaycanın mədəni, elmi və əbədi irsinin beynəlxalq miqyasda tanıdılması siyasəti Heydər Əliyev Fondunun prezidenti tərəfindən həyata keçirilən bir sıra mühüm layihələrlə uğurla reallaşdırılır.
Ümummilli Lider Şərq ölkələri ilə qarşılıqlı münasibətdə milli dəyərlərin əsas tutulmasını vacib maraq nöqtəsi hesab etmişdir. Məhz İslam Əməkdaşlıq Təşkilatı ilə mədəni, humanitar əlaqələrin genişlənməsində Azərbaycan Respublikası Birinci vitse-prezidentinin ardıcıl olaraq bu yolda fəaliyyəti vardır. Bu fəaliyyətə görə 2006-cı il 26 noyabrda birinci xanım Mehriban Əliyevaya İSESCO-nun xoşməramlı səfiri adı verilmişdir.
Heydər Əliyev məktəbindən dərs alan Mehriban xanım Əliyevanın xalqlararası və mədəniyyətlərarası dialoqun genişlənməsində də fəaliyyəti çoxşaxəlidir. Hələ 1995-ci ildə Onun təşəbbüsü ilə “Azərbaycan Mədəniyyətinin Dostları Fondu” mədəniyyətin təbliği üçün “Azərbaycan-İrs” jurnalını təsis edilib. Mehriban xanım Əliyeva söyləyib: “Azərbaycanı əsrlər boyu müxtəlif sivilizasiyaların mədəniyyətlərin, dinlərin, millətlərin nümayəndələrinin və qovuşduğu sülhsevər, qədim və bərəkətli torpaq kimi tanıtmaq istəyirik”.
Ulu Öndər tərəfindən dünya ölkələri ilə qurulan əlaqələri, dövlətlərarası qarşılıqlı əməkdaşlıq sahəsi genişləndirilərək Prezident İlham Əliyev və Birinci vitse-prezidenti tərəfindən davam etdirilir. 2008-ci il 10-11 iyunda “Mədəniyyətlərarası Dialoqda Qadınların rolunun genişləndirilməsi” Beynəlxalq Forumda humanitar və mədəni sahədəki fəaliyyətinə görə Xanım Mehriban Əliyevaya “İƏT-in humanitar məsələlər üzrə xüsusi elçisi” statuslu diplomu verildi. Şərq dövlətlərinin daxil olduğu İƏT-də bu yüksək ada layiq görünən ilk qadın məhz Mehriban xanım Əliyevadır.
Ulu Öndərin ailə, ana, uşaq sağlamlığı haqda verdiyi qanunlardan irəli gələn məsələlər Mehriban xanım Əliyevanın təşəbbüsü ilə zamana uyğunlaşdırılaraq Türk Dövlətləri Təşkilatı və Şərq ölkələri çərçivəsində həyata keçirilir.
Ölkəmizdə Birinci vitse-prezidentlik institutunun təsis olunması və ilk dəfə Mehriban xanım Əliyevanın bu vəzifəyə təyinatı həm Azərbaycan, həm də dünya gender siyasəti tarixində “Xanım Əliyeva” müraciətinin istifadə edilməsinə səbəb olub. Bu təyinat, siyasi hakimiyyət və idarəetmə strukturlarında Azərbaycan qadınının liderlik imkanlarının təsdiq olunması baxımından mühüm əhəmiyyət daşıyır. “Təsadüfi deyil ki, hüquqları pozulan insanlar Prezident Administrasiyasından daha çox vitse-prezident kabinetinə gedir”, - deyə regnum.ru saytı yazır. Bu ictimai-mədəni diplomatiya yoludur.
Xanım Mehriban Əliyevanın fəaliyyəti Azərbaycanda “Qadın lider” fenomeninin, idarəetmədə “Qadın Rəhbər” obrazının gender mədəniyyəti mətnində təcəssümüdür. Azərbaycanın Birinci vitse-prezidentinin təşəbbüsü ilə paytaxtın, respublikanın əksər yerlərinin və işğaldan azad olunan Qarabağın memarlıq simasının modernləşməsi, yenilənməsi, dünyanın müasir, baxımlı, gəzməli, görməli turizm şəhər və rayonlarına çevrilməsi gerçəkliyidir.
Birinci vitse-prezident Ulu Öndər Heydər Əliyevin milli inkişaf strategiyası, Prezident İlham Əliyevin modernləşmə və innovativ dayanıqlı inkişaf kursuna dəstəyi, bu sahədə xidmətləri də danılmazdır. Əsrlərdən gələn Azərbaycan muğamına, milli aşıq musiqisinə, xalçaçılıq kimi xalq sənətlərinə və digər mədəni trendlərimizə yeni çalar verilməsi, bu ənənəvi irsimizin dünyaya tanıdılması da birinci xanım Mehriban Əliyevanın ictimai-mədəni diplomatiyada fəaliyyəti komponentlərindəndir.
“Avroviziya” müasir musiqi müsabiqəsi, Avropa və İslam ölkələri idman oyunları və s. müxtəlif musiqi və idman yarışlarının reallaşmasında Birinci vitse-prezidentin gərgin əməyi, yorulmaz zəhməti, təşkilatçılıq istedadı yüksək dəyərləndirilir ki, bu da birinci xanım Mehriban Əliyevanın beynəlxalq - ictimai-mədəni diplomatiyada roludur.
Birinci vitse-prezident öz fəaliyyətində əsasən, irimiqyaslı mədəni, humanitar, ictimai layihələri çoxyönlü istiqamətdə inamla, ardıcıllıqla gerçəkləşdirməkdədir. Bu ölkənin sosio-iqtisadi-dayanıqlı inkişaf kursu və işğaldan azad edilən Qarabağda Böyük Qayıdış Proqramı ilə bağlı kompleks layihələrin həyata keçirilməsində yaxından iştirakla;
Müstəqil respublikanın sistemli ictimai-mədəni, sosio-humanitar bir “Azərbaycan modeli” trendinin dünyada tanıdılmasında dövlət siyasətinə dəstək vermək, Azərbaycan ictimai diplomatiyasının inkişaf yolunda fəaliyyətlə;
Xanım Əliyeva mərhəmətli və həssas bir Azərbaycan vətəndaşı mövqeli Qadın Lider olaraq Vətənin ağır çətin, məqamlarında - istər Aprel döyüşləri, istər Tovuz hadisələri zamanı, istərsə 44 günlük Vətən müharibəsi, istərsə də ağır COVID-19 pandemiyası, istərsə də Postmüharibə zamanında Azərbaycan xalqının həmdəmi, doğması kimi ümid yoluna işıq salmaqla;
“Sizin Mehriban” imzası ilə Azərbaycan xalqına ünvanlanan çağırış və müraciətlərindəki səmimilik, vətənsevərlik, qayğıkeşlik hər bir ölkə vətəndaşına onu bir daha yaxınlaşdırdı və “Bizim Mehriban xanım” adı milyonların məhrəm müraciətinə döndü.Birinci xanım şəhid ana, bacı və övladlarının ağrılarına həssas yanaşması ilə Vətən yolunda qurban gedənlərə bir Qadın Rəhbər kimi hörmət və qayğını qəlbəni ifadə etdirir. Bu ehtiramda, ülvi ünsiyyətdə mərhəmətli bir Ana ürəyinin, qayğıkeş Dövlət Xadimin milli xarakteri inikas olunur;
Birinci vitse-prezident cəmiyyətin həssas qruplarının problemlərinin həll olunması, müxtəlif mədəniyyətliliyin qorunmasında çoxsaylı ictimai-mədəni layihələrin reallaşmasına stimul verir ki, bu ölkədə ictimai diplomatiya örnəyidir. Belə ki, 2023-cü il 6 fevral Türkiyədə baş verən faciəvi zəlzələyə həm mənən, həm də humanitar missiya ilə yardım göstərən Heydər Əliyev Fondunun Rəhbəri kimi həssaslıq da Qardaşlıq və Dostluğa sadiq dəyərdir.
Xeyirxahlıq Birinci vitse-prezidentin amalında, şəfqət-mənəviyyatında, dövlətçiliyə sədaqət-əqidəsindədir. Birinci vitse-prezident xarizmatik obrazı, kreativ düşüncəsi ilə Azərbaycan qadınının modern göstəricisidir. Xanım Mehriban Əliyeva diqqətə yetirir ki: “Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır”.
Prezident İlham Əliyevin islahatçılıq, hərtərəfli tərəqqi və Qarabağın dirçəlişi, Böyük Qayıdış kursunda Birinci vitse-prezidentin “Güclü Dövlət - Rifahlı cəmiyyət” prioritetinə dəstəyi önəmli yer tutur. Xanım Mehriban Əliyeva qeyd edir ki, “Elm, texnologiya və innovasiya dünyada cəmiyyətlərin sosioiqtisadi inkişafının aparıcı qüvvəsidir”.
“İnkişaf məqsədimizdir” hədəfini və “Modern Azərbaycan modeli”ni məqsədyönlü fəaliyyəti ilə gerçəkləşdirən dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın uğurlu missiyası müsbət bir gender siyasəti paradiqması olmaqla, Ümummilli Lider Heydər Əliyevin milli inkişaf ideoloji xəttinin davam etdirilməsinə xidmət edir.
Prezident İlham Əliyevin 2015-ci il 29 iyun tarixli Sərəncamı ilə birinci xanım Mehriban Əliyeva respublikada mədəniyyətin, təhsilin, səhiyyənin və idman inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və Birinci Avropa oyunlarının təşkilində böyük xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilmişdir. Mehriban xanım Əliyevanın ən yüksək mükafatı “Heydər Əliyev” Ordeni ilə təltif edilməsi onun fəaliyyətini göstərən ən ali dəyərdir.
“Tanrı Azərbaycanı qorusun” – bir qadın rəhbər, humanist ana duyğusu ilə daim səslənən, xalqın sevimlisi Mehriban xanım Əliyeva Ulu Öndər Heydər Əliyevin dövlət gender siyasətini müasir Azərbaycanın milli dövlət idarəetmə siyasətində ilk dəfə Birinci vitse-prezidentlik institutunda formalaşdıran və Prezident İlham Əliyevin “Güclü Azərbaycan dövləti” modelinin həyata keçirilməsində əhəmiyyətli rolu olan bir şəxsiyyətdir. Heydər Əliyev məktəbinin yetirməsi olan Mehriban xanım Əliyeva müasir Azərbaycan qadın rəhbəri obrazını həm ölkəmizdə, həm də beynəlxalq aləmdə ictimai-humanitar diplomatiya sahəsində əks etdirən, dünya gender siyasəti tarixində adı yazılan bir qadın dövlət xadimidir.
Fikrimizi Birinci vitse-prezident Mehriban Əliyevanın sözləri ilə yekunlaşdıraq. “Heydər Əliyev dərslərinin mahiyyətini onun həmyaşıdları bu gün də öyrənirlər. Heydər Əliyev tarixi salnaməsinin XX əsr üçün taleyüklü səhifələrinin iştirakçısı, yaradıcısı, aparıcısı 30 ildən artıq Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyan, onu bir dövlət və millət kimi tarixin sınaqlarından çıxaran vətəndaş, şəxsiyyət, Lidedir”.