YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə sənayesi sahəsində çox böyük perspektivlər var

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Dövlət başçısı İlham Əliyev Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibə verdi.  Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ölkəmizdə dövlət səfərində oldu. Hər iki mühüm hadisə iki ölkənin əlaqələrinin ümumi mənzərəsini təqdim etdi.

Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir. Belə ki, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. O dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev 1983-cü ildə Vyetnamda səfərdə olub. Şübhəsiz ki, bu əlamətdar səfərlər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib. 2014-cü ildə cənab İlham Əliyev Vyetnama dövlət səfərini edib. 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanqın Azərbaycanda rəsmi səfərdə olub. Hər iki səfər Azərbaycanla Vyetnam  arasında münasibətlərdə yeni səhifə açdı və onların gələcək inkişafına təkan verdi. Prezident Çıonq Tan Şanqın səfəri çərçivəsində rəsmi şəxslərlə yanaşı, neft-qaz, energetika, inşaat, informasiya-kommunikasiya, maliyyə, sənaye, ticarət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrin işgüzar dairələrinin iştirakı ilə Birinci Azərbaycan-Vyetnam biznes forumu keçirildi. Dövlət başçısı İlham Əliyev sözügedən müsahibəsində bildirdi ki, müxtəlif sahələrdə əməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası yaradılıb. Komissiya mütəmadi dialoq və birgə təşəbbüslərin səmərəli reallaşdırılmasında mühüm platformadır. Xarici İşlər nazirliklərinin xətti ilə siyasi məsləhətləşmələr aparılır. Onlardan sonuncusu bu il aprelin ikinci yarısında keçirilib. Hər iki ölkənin parlamentlərində parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərir. Ölkələrimiz ən böyük beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlıq edir.

İki ölkənin münasibətlərinin tarixinə işıq salan bu məqamlar Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə dövlət səfəri zamanı keçirilən görüşlərdə daha ətraflı şəkildə diqqətə çatdırıldı. Səfərin mahiyyətini, iki ölkənin münasibətlərinin perspektivini açıqlayan mətbuata bəyanatda da mövcud imkanlara diqqət yönəldildi. Cənab İlham Əliyevin “Əfsuslar olsun ki, iqtisadi-ticari istiqamət üzrə ticarət dövriyyəsinin dinamikası Azərbaycanın Vyetnama neft satışından asılıdır. Neft satışı yüksək səviyyədə olanda ticarət dövriyyəsi artır, azalanda azalır. Əlbəttə, biz ticarət dövriyyəmizi daha da balanslaşdırılmış formada görmək istərdik və bunun üçün, təbii ki, qarşılıqlı informasiya mübadiləsi lazımdır. Hansı layihələr ölkələrimizdə həyata keçirilir, investisiya imkanları nədən ibarətdir, qaydalar, qanunvericilik bazası, vergi inzibatçılığı - bütün bu məsələlər biznes dairələri üçün gərək aydın olsun. Belə olan halda əminəm ki, ticarət dövriyyəsi təkcə neft amilindən asılı olmayacaq” fikirlərinin davamı olaraq To Lam bildirdi ki, əmtəə dövriyyəsi və sərmayələri artırmaq, iki ölkənin işgüzar dairələrini bir araya gətirmək, energetika, neft və qazla yanaşı, bütün sahələrdə əməkdaşlıq etmək, dəmir yolları, dəniz yolları, kənd təsərrüfatı sahələrində digər əməkdaşlıq imkanlarını araşdırmaq vacibdir. Biz hökumətlərarası komissiyanın növbəti iclasının tezliklə baş tutması məsələsini nəzərdən keçirəcəyik. Həmin komissiyanın gələcək iclasının nəticələrini səbirsizliklə gözləyirik, çünki o, artıq strateji tərəfdaşlıq əsasında həyata keçiriləcək.

Liderlər əlaqələrin inkişafında maraqlı olduqlarını atdıqları addımları ilə təsdiqləyirlər. Bu perspektivə də xüsusi diqqət yönəldildi ki, müdafiə və təhlükəsizlik sahələrində əlaqələri fəallaşdırmalıyıq, informasiya təhlükəsizliyi, transmilli cinayətkarlıq və kibercinayətkarlıqla mübarizə sahələrində münasibətlərimizi inkişaf etdirməliyik. Dövlət başçısı İlham Əliyev bildirdi ki, müdafiə sənayesi sahəsində çox böyük perspektivlər var. Hər iki ölkədə sənayenin bu istiqaməti kifayət qədər inkişaf edib. Burada da səylərin birləşdirilməsi, birgə müəssisələrin yaradılması və qarşılıqlı əməkdaşlıq fayda gətirə bilər.