Xəbərlər
“Müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir”

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı və Bərdə Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir” mövzusunda konfrans keçirilib.
Tədbir iştirakçıları öncə Dahi Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüblər.
Konfransda əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi ehtiramla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra “Əsrin adamı” adlı filmə baxıblar.
Konfransda Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, dövlət və xalq qarşısında xilaskarlıq missiyasından geniş bəhs edib. O qeyd edib ki, xalqımız Ümummilli Liderin əvəzsiz xidmətlərini heç zaman unutmur, Dahi Liderin əziz xatirəsinə və parlaq ideyalarına dərin hörmət və ehtiram bəsləyir.
Konfransda çıxış edən YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya bildirib ki, Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biri zəngin dövlətçilik təcrübəsi və müdrik siyasəti ilə müstəqil Azərbaycanı möhkəmləndirməsidir. O, Prezident İlham Əliyevin “Müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir!” fikrini xatırladaraq əlavə edib ki, dövlətimizin başçısının Ümummilli Liderin ideyalarına sadiqliyi xalqımız üçün böyük uğur və əsl xoşbəxtlikdir.
Sonda YAP sıralarına yeni qəbul edilmiş üzvlərə partiya vəsiqələri təqdim olunub.