Xəbərlər
Salyanda “Nə? Harada? Nə zaman?” intellektual oyununa yekun vurulub
Salyan rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyununun final mərhələsi baş tutub.
Tədbir Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının, Salyan Rayon İcra Hakimiyyətinin, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan rayonu üzrə Təhsil sektorunun, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Salyan rayon komitəsinin, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun və Salyan Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Final mərhələsində rayonun müxtəlif orta ümumtəhsil məktəblərini təmsil edən 10 komanda iştirak edib. Yarış başlamazdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi və torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçən qəhrəman şəhidlərimiz bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Salyan Rayon İcra Hakimiyyətinin başçısının müavini Rəşad Cəbrayılov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan rayonu üzrə Təhsil sektorunun müdiri Razıgül Dadaşova, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Salyan rayon komitəsinin sədri Aynur Əsgərova və başqaları çıxış edərək ölkəmizdə intellektual potensialın inkişafı, gənclərin elmi biliklərə marağının artırılması və onların vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyini vurğulayıblar. Bildirilib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən bu kimi tədbirlər gənc nəslin milli dəyərlərə bağlılığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Çıxışlarda qeyd olunub ki, müasir müstəqil Azərbaycanın təməl prinsiplərinin formalaşmasında və inkişafında Ümummilli Lider Heydər Əliyevin xidmətləri misilsizdir. Məhz Ulu Öndərin rəhbərliyi ilə qəbul olunmuş 1995-ci il Konstitusiyası ölkəmizin gələcək inkişafının və möhkəm dövlətçiliyinin əsasını qoymuşdur. Bu strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və tam suverenliyini bərpa edərək, tarixi ədaləti və beynəlxalq hüququ təmin etmişdir. Sonda bu cür intellektual yarışların gənclərin bilik səviyyəsinin artırılmasına, dünyagörüşünün genişlənməsinə və onların dövlətçilik ruhunda formalaşmasına töhfə verdiyi bildirilib və yarışda iştirak edən hər bir komandaya uğurlar arzu ediblər.
Çıxışlardan sonra “Nə? Harada? Nə zaman?” intellektual oyununun final mərhələsinə start verilib. Yarışda 3 tur üzrə ümumilikdə 36 sual oynanılıb. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda I yerə Kürsəngi kənd tam orta məktəbin komandası, II yerə Şəkərli kənd ümumi orta məktəbin komandası, III yerə isə Boranıkənd kənd ümumi orta məktəbin komandası layiq görülüblər. Qalib gəlmiş komandalar YAP Salyan rayon təşkilatı tərəfindən diplom və hədiyyələrlə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Salyan rayon komitəsi tərəfindən isə hədiyyələrlə təltif olunmuşdur. Həmçinin, finala vəsiqə qazanan bütün komandaların üzvlərinə YAP Salyan rayon təşkilatı tərəfindən sertifikatlar təqdim edilib.