Xəbərlər
Goranboyda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Heydər Əliyev və Yeni Azərbaycan” mövzusunda dəyirmi masa keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatı və Goranboy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və YAP Goranboy rayon təşkilatının yaradılmasının 30 illiyi münasibətilə “Heydər Əliyev və Yeni Azərbaycan” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdən əvvəl iştirakçılar Ümummilli Lider, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin Goranboy şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq dərin ehtiramlarını bildiriblər.
Dəyirmi masa YAP Goranboy rayon təşkilatının inzibati binasında davam etdirilib. Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx təqdim olunub.
Tədbirdə YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Tibb elmləri doktoru, professor, məşhur “91-lər”in üzvü Sudeyf İmamverdiyev, Milli Qəhrəman Niyazi Aslanovun həyat yoldaşı Rübabə İsmayılova, millət vəkilinin köməkçisi Gündüz Hacıyev və digər qonaqlar çıxış edərək Ulu Öndərin siyasi irsindən, Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolundan danışıblar.
Tədbirin sonunda YAP Goranboy rayon təşkilatı tərəfindən partiya sıralarında uzun illər fəaliyyət göstərmiş veteranlara yubiley münasibətilə Fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub. Eyni zamanda, YAP sıralarına yeni qəbul edilən üzvlərə partiya vəsiqələri təqdim edilib.