Xəbərlər
Möhkəm təmələ söykənən əməkdaşlıq

Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri
Aprelin 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın ölkəmizə rəsmi səfəri bu gün də ölkə mətbuatında geniş müzakirə edilməkdədir. Qarşılıqlı səfərlər möhkəm təmələ əsaslanan münasibətlərimizin yüksələn xətlə inkişafında öz sözünü deyir. Belə ki, dövlət və hökumət başçılarının qarşılıqlı səfərlərinin say tərkibinə diqqət yetirmək kifayətdir. Onu da qeyd edək ki, səfərlər çərçivəsində əlaqələrin inkişafında hüquqi baza rolunu oynayan sənədlərin imzalanması da diqqətdən kənarda qalmır. Bu günədək Azərbaycan və İran arasında müxtəlif sahələri əhatə edən 147 sənəd imzalanmışdır. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası 1992-ci ildən etibarən fəaliyyət göstərir. Dövlət Komissiyasının sonuncu iclası 10-11 mart 2022-ci ildə Bakı şəhərində keçirilmişdir.
Cənab İlham Əliyev mətbuata bəyanatında qeyd etdi ki, xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb. Bu gün dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində inkişaf edir. İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür. Bu gün apardığımız danışıqlar və fikir mübadiləsi əsnasında bir çox önəmli məsələlər haqqında söhbət etdik, fikirlərimizi bildirdik, Azərbaycan-İran strateji münasibətlərini bir daha təsdiqlədik. Biz bütün məsələlərə səmimi şərait əsnasında öz fikirlərimizi bildirmişik. Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf Azərbaycan-İran əlaqələrinin inkişafına çalışmalıdır və çalışır. Hörmətli Prezidentin böyük heyətlə Azərbaycana gəlməsi və bu gün bir çox önəmli sənədlərin imzalanması, o cümlədən prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha bizim xoş niyyətimizi göstərir, onu göstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq. Həmçinin vurğulandı ki, səfər çərçivəsində qəbul edilmiş qərarlar bizim əlaqələrimizi uzun illər bundan sonra yüksələn xətlə aparacaq. Təbii olaraq üçtərəfli əməkdaşlıq layihələrini geniş müzakirə etdik. Onların arasında təbii olaraq Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur. Bu layihə bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək. Azərbaycan öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirib. Hazırda biz, sadəcə olaraq, artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk. İstər dəniz limanı olsun, dəmir yolu olsun, avtomobil nəqliyyatı olsun - bütün bu istiqamətlər üzrə gözlənilən böyük yük həcmlərini qəbul etmək və ötürmək üçün biz böyük sərmayə qoyuluşu layihələrinə başlamışıq.
İran İslam Respublikasının Prezidentinin səfəri zamanı keçirilən Azərbaycan-İran biznes forumu da iki ölkənin iqtisadi imkanlarının təqdimatında əhəmiyyətli rol oynadı. Belə ki, forumdakı çıxışında “Səfər çox uğurlu keçir. Səfər zamanı əldə edilmiş razılaşmalar, imzalanmış sənədlər bir daha Azərbaycan-İran dostluğunu, qardaşlığını təsdiqləyir. Bir sözlə, bu rəsmi səfərin çox gözəl siyasi nəticələri vardır. İmzalanmış sənədlər arasında xüsusilə prezidentlər tərəfindən imzalanmış Birgə Bəyannaməni qeyd etmək istərdim. Çox ciddi sənəddir və gələcək əməkdaşlıq üçün bizə yol göstərən sənəddir. Əlbəttə, biz istərdik ki, ticarət, iqtisadi əməkdaşlığımız da eyni nəticələri hasil etsin. Əfsuslar olsun ki, bu günə qədər bu, belə olmayıb. Ancaq əminəm ki, bu səfərdən sonra və biznes-forumun nəticələrindən irəli gələrək biz növbəti illərdə ticarət, iqtisadi, sərmayə qoyuluşu və digər bu kimi sahələrdə ciddi irəliləyiş görəcəyik. Mən şadam ki, hörmətli cənab Prezidentlə bərabər Azərbaycana böyük biznes heyəti gəlib. İrandan gələn 120-dən çox iş adamı əminəm ki, Azərbaycanda öz həmkarları ilə artıq təmaslar qurublar və biznes-forum nəticəsində real layihələr meydana gələcək” söyləyən cənab İlham Əliyev onu da qeyd etdi ki, biznes-forumda 400-dən çox iştirakçı vardır. Bu onu göstərir ki, qarşılıqlı maraq kifayət qədər böyükdür. Təbii ki, siyasi əlaqələr güclü olanda biznes dairələri də öz fəaliyyətlərini buna uyğun şəkildə qururlar. Növbəti illərdə ticarət dövriyyəsinin artırılması üçün konkret addımlar atılmalıdır. Bu gün biz statistik rəqəmlərə baxdıqda görürük ki, iki ölkə arasındakı ticarət dövriyyəsi heç bir milyard dollara çatmır və əlbəttə ki, bu, bizi qane edə bilməz. Ona görə ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu, müştərək müəssisələrin yaradılması və digər buna oxşar təşəbbüslər əlbəttə ki, təqdirəlayiq olacaq. Burada aparıcı rol Azərbaycan-İran hökumətlərarası komissiyaya məxsusdur.
Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycan və İran, eyni zamanda, önəmli beynəlxalq layihələrdə iştirak edir, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi üzrə sıx əməkdaşlıq edir. “Biz istəyirik ki, bu, sadəcə, nəqliyyat dəhlizi olmasın, həm Azərbaycan, həm də İran ərazisində yol boyunca yeni bizneslərin açılması, yeni sənaye müəssisələrinin yaradılması üçün imkan yaratsın” bildirən dövlət başçısı İlham Əliyev bunun üçün kifayət qədər imkanların olduğunu vurğuladı. Çünki hər iki ölkənin çox böyük iqtisadi potensialı var. Hər iki ölkədə sahibkarlar sinfi kifayət qədər fəaldır. Azərbaycan və İran iş adamlarının belə mötəbər toplantısı, xüsusilə prezidentlərin iştirakı ilə biznes-forumun keçirilməsi çox ciddi bir addımdır.
Göründüyü kimi, hər iki tərəf iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi üçün mövcud imkanlardan maksimum istifadə etməyə çalışır. İran Prezidenti belə bir əminliyi ifadə etdi ki, burada olmağımız bir-birimizlə əlaqə qurmaq üçündür. Biz əl-ələ verərək problemlərimizi həll etməyə qadirik. Bütün sahələrdə qüdrətli ölkələrə çata bilərik ki, onların özləri də bunu təsəvvür edə bilməzlər. Kifayətdir ki, bir-birimizə etimad göstərək, elmimizi, təcrübəmizi, bacarıqlarımızı bölüşək, cəmiyyətlərimizi inkişafa, başucalığına və vəhdətə çatdıraq. Əgər bizim istehsalçılar və investorlar bir-biri ilə şərik olsalar, qarşılıqlı investisiya yatırsalar, çərçivə və qaydalarda vahid baxışa nail olsalar, regionumuzda kənar qüvvələrin varlığına ehtiyacımız olmayacaq. O yerdə ki, bir sərhəddən digər sərhədə iqtisadiyyat və ticarət hərəkət edir, artıq o sərhəddən silah və hərbi qüvvə keçməyəcək. Ticarət təhlükəsizlikdir, sülhdür, qardaşlıqdır. Biz bunu ölkələrimizin qanunlarını, bir-birimizə hörməti və ya məhdudiyyətlərimizi, üzrlərimizi qəbul etməklə gücləndirə bilərik.