YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Müstəqil Azərbaycan Heydər Əliyevin əbədiyaşar ideyaları və zəngin siyasi irsi əsasında tarixi nailiyyətlərə imza atır”

Şəmkir rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibəti ilə “Müstəqil Azərbaycan Heydər Əliyevin əbədiyaşar ideyaları və zəngin siyasi irsi əsasında tarixi nailiyyətlərə imza atır” mövzusunda tədbir keçirilib.

Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının təşkilatçılığı ilə Şəmkirçay Su Anbarı və Magistral Kanalların İstismarı idarəsi ərazi partiya təşkilatında keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğurunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edib. Ötən əsrin 60-70-ci illərində Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkəmizin postsovet respublikaları arasında öz inkişafına görə ön sıralarda olduğunu qeyd edən F.Vəliyev Ulu Öndərin keçmiş SSRİ-nin dövlət rəhbərliyində yüksək vəzifə tutan yeganə azərbaycanlı olduğunu xatırladıb. O, ötən əsrin 90-cı illərin əvvəllərində ölkəmizdə yaranmış siyasi xaos və Azərbaycan dövlətçiliyinə yaranmış təhdidlər, torpaqlarımızın işğalı haqqında da ətraflı danışıb. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsindən sonra Azərbaycanda siyasi böhranın aradan qaldırıldığını və ölkəmizin iqtisadi inkişaf yolu tutduğunu vurğulayıb.

Çıxış edən Şəmkirçay Su Anbarı və Magistral Kanalların İstismarı idarəsinin direktoru Rəşad Vəliyev Nizami Gəncəvinin kəlamını xatırladaraq, “xidmət edən insanın həm öz dünyasını, həm də axirətini abad etdiyini” bildirib. Onun sözlərinə görə, bunun ən bariz nümunəsi Azərbaycan dövlətinin memarı Ümummilli Lider Heydər Əliyevdir. O, Vətəninə, xalqına xidmətdə keçirdiyi bütün həyatını doğma Azərbaycanını qurub, abad etməyə həsr edib və haqq dünyasına qovuşduğuna baxmayaraq, hələ çox nəslin nümunəsi olaraq qalacaq.

Sonda çıxış edən digər partiya fəalları da vurğulayıblar ki, zaman bizi Ümummilli Liderdən uzaqlaşdırdıqca onun şəxsiyyətinin böyüklüyünü daha aydın dərk edirik. Heydər Əliyevin sədrliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyası müstəqillik tariximizin ən ağır və keşməkeşli mərhələsinin sınaqlarından keçərək özünü doğrultmuş, ictimai-siyasi mühitdə hakim partiya kimi qalaraq ölkəmizin bütün sahələrinin inkişafına töhfə verir və Heydər Əliyev irsini layiqli şəkildə davam etdirir.

Yekunda ərazi partiya təşkilatının bir neçə fəal üzvünə fəxri fərmanlar təqdim olunub.

Qeyd edək ki, Şəmkir rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə ağacəkmə aksiyası da keçirilib. Şəmkir dairəsinin yaxınlığında, rayon Mərkəzi Xəstəxanasının qarşısındakı yolun sağ istiqamətinə 150 ədəd Eldar şamı və sərv ağacı əkilib.

Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Rəşad Tağıyevin və YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyevin iştirak etdiyi aksiyada ağacların əkildiyi ərazi əvvəlcədən hazırlanaraq, suvarma və qulluq üçün uyğun vəziyyətə gətirilib. Eyni zamanda ərazidə təmizlik işləri aparılıb, yeni əkilən ağaclar suvarılıb və onlara aqrotexniki qaydada qulluq göstərilib.