Xəbərlər
YAP Nizami rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində bilik yarışı keçirib
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə bilik yarışı keçirib.
Yarışda Nizami rayonunun 26 təhsil müəssisəsindən 200-dək nümayəndə iştirak edib. Onlar 5 nəfər əsas, 2 nəfər isə ehtiyat olmaqla 27 komanda şəklində mübarizə aparıblar.
Birinci turda 13, ikinci turda 13 komanda mübarizə aparıb və iki turun nəticəsinə görə 6 komanda finala çıxıb. Final mərhələsində isə 70 saylı tam orta məktəbin komandası birinci, 10 saylı tam orta məktəbin komandası ikinci, 227 saylı tam orta məktəbin komandası isə üçüncü yerin qalibi olublar.
Yarışın mükafatlandırma mərasimi Azərbaycan Respublikasının Dövlət Himinin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev və başqaları çıxış ediblər.
Bildirilib ki, müstəqil Azərbaycanın uğurları Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin siyasi kursu ölkəmizdə əmin-amanlığı, dinamik inkişafı təmin edib. Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursu bu gün uğurla Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Əlavə olunub ki, bu cür bilik yarışlarının keçirilməsinin də əsas məqsədi məhz dövlətin gənclər siyasətinə dəstək vermək və gənc intellektləri üzə çıxarmaqdır.
Çıxışlardan sonra mükafatlandırma mərasimi olub.
Qaliblərə diplom, medal, hədiyyələr və kubok təqdim təqdim olunub.