Xəbərlər
Çinlə tərəfdaşlıq Azərbaycanın regional liderlik mövqeyini gücləndirir

Gündüz Bayramov
YAP Samux rayon təşkilatının sədri
Azərbaycan ilə Çin arasında mövcud olan strateji tərəfdaşlıq münasibətləri Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanlar yaradır. Azərbaycan Çini Qlobal Cənubun lideri hesab edir və bu mövqedən çıxış edərək çoxtərəfli beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə böyük önəm verir. Bu baxımdan Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri Azərbaycanın qlobal mövqeyini gücləndirəcək mühüm tarixi hadisəyə çevrildi. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər və əldə olunan bir çox razılaşmalar Azərbaycan və Çin arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə və bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə xidmət edir.
Aprelin 24-də Azərbaycan Prezidenti İlham Əliyev Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində Azərbaycan ilə Çin arasında olan səmimi münasibətlərdən, bağlanmış iqtisadi müqavilə və layihələrdən bəhs edərək “Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir” söyləyib. Müsahibədə təhsil sahəsindəki əlaqələrə də toxunulub. Qeyd edilib ki, bu gün hər iki ölkədən təhsil alan 100-dən çox tələbə var. Bunun çox az olduğunu bildirən Prezident İlham Əliyev onların sayının artacağına əminliyini bildirib. Qeyd olunub ki, “Azərbaycandan daha çox sayda tələbənin buraya gəlməsi üçün böyük imkan var. Həmçinin, zənnimcə, Azərbaycanda Çin-Azərbaycan Universitetinin yaradılması barədə düşünmək yaxşı fikir olar. Hazırda biz bu imkanın dəyərləndirilməsi mərhələsindəyik. Lakin sözsüz ki, insanlar nə qədər çox səyahət edirlərsə, mədəniyyət, xalq barədə nə qədər çox bilirlərsə, ölkələr arasında əlaqələr bir o qədər də daha sıx olur. Çünki, bəli, biz siyasi qərarlar qəbul edirik, strateji tərəfdaşlarıq. Biz liderlər və hökumətlər olaraq dostuq. Lakin bizim xalqlarımızın da daha çox yaxınlaşmasına, onların da dost olmasına ehtiyacımız var”.
Bu müsahibə dövlət başçısının mühüm mesajları ilə yadda qalıb. Müsahibədə səsləndirilən fikirlər Azərbaycanın daxili və xarici siyasət uğurlarının fonunda hazırda çoxqütblü dünyada ölkəmizin yerinə və roluna işıq saldı. Cənab İlham Əliyev bu müsahibəsində ölkəmizin çox güclü təməllər üzərində dayandığını diqqətə çatdırdı. CGTN telekanalına geniş müsahibəsində dövlətimizin başçısı, həmçinin Azərbaycanın Çinin “Bir kəmər, Bir yol” təşəbbüsünü açıq şəkildə dəstəkləyən ilk ölkələrdən biri olduğunu vurğulayıb və eyni zamanda, bu layihə çərçivəsində elektron ticarətə, infrastruktur bağlantılarına, malların idxal-ixrac daşınmalarına toxunaraq, Çinin hal-hazırda idxal baxımından bir nömrəli və ticarət dövriyyəsi baxımından 4-cü tərəfdaşımız olduğunu bildirib.
Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən çox strateji coğrafiyada, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşdiyini, eləcə də Mərkəzi Asiya və Qərbi Çin üçün çox mühüm birləşmə nöqtəsi olduğunu vurğulayan dövlətimizin başçısı ölkəmizin bu regionda üstünlüklərini və oynamaq istədiyi rolu necə gördüyünü də sözügedən müsahibəsində açıqladı. Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətlərimizin perspektivlərindən və Qlobal Cənubun üzvü olmağımızdan və onun maraqlarını müdafiə etməyimizdən danışdı. Prezident bildirdi ki, biz Şanxay Əməkdaşlıq Təşkilatına daha yaxın olmaq istəyirik. Bizim təşkilatla yaxınlığımız həm təşkilat, həm də Azərbaycan üçün faydalı ola bilər.
Müsahibədə Prezident İlham Əliyev Çin Xalq Respublikası ilə əməkdaşlığın gələcəkdə daha da dərinləşəcəyinə əminliyini ifadə edib. Azərbaycan-Çin münasibətləri qarşılıqlı etimada, strateji baxışa, ümumi maraqlara əsaslanan dərin və perspektivli tərəfdaşlıq nümunəsidir. İki ölkə arasında olan əməkdaşlıq gələcək illərdə də regional sabitlik, iqtisadi inkişaf və mədəni yaxınlaşma baxımından mühüm rol oynamağa davam edəcək.