Xəbərlər
Ağdaşda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi anılıb

Aprelin 28-də Ağdaş Rayon Mərkəzi Xəstəxanasında Azərbaycanın görkəmli alimi, əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının sədri Əlişah Rəcəbov, Ağdaş Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru İntiqam İbrahimov, rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və səhiyyə işçiləri iştirak ediblər.
Orxan Hüseynzadə çıxışında əsl Azərbaycan qadınının ideal obrazını öz xarakterində cəmləşdirən Zərifə xanım Əliyevanın keçdiyi mənalı ömür yolundan bəhs edərək, onun ölkəmizdə tibb elminin, oftalmologiyanın inkişafında mühüm tarixi xidmətlərini qeyd edib. Zərifə xanım Əliyevanın respublikada yüksəkixtisaslı kadrların, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslinin formalaşdırması işində böyük əmək sərf etdiyi diqqətə çatdırılıb. Onun elmi fəaliyyətinin, oftalmologiya sahəsində tarixi xidmətlərinin beynəlxalq aləmdə də yüksək qiymətləndirildiyi vurğulanıb.
Tədbirdə bütün keyfiyyətləri ilə əsl Azərbaycan xanımı, yüksək intellekt və mədəniyyət, dərin bilik və insanpərvərlik timsalı olan Zərifə xanım Əliyevanın dünya şöhrətli oftalmoloq alim kimi zəngin həyat təcrübəsindən, həkim peşəsini daim vicdanla yerinə yetirərək, həmişə insanların sağlamlığının qayğısına qalmasından bəhs edən çıxışlar dinlənilib.
Sonda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın ömür yolu və elmi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.