YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya və Azərbaycan Cənubi Qafqazda sülhün qarantı olmalıdır

İki ölkənin beynəlxalq terrorizmlə mübarizədə səylərinin birləşdirilməsi indiki mərhələdə xarici siyasətin əsas prioritetinə çevrilir

Soçidə 26 ölkədən 130 ekspertin iştirak etdiyi “Valday” beynəlxalq diskussiya klubunun XII iclası başa çatıb.

Builki görüşün mövzusu “Hərb və sülh: insan, dövlət və böyük münaqişə təhlükəsi” olub. İştirakçılar mövcud təhlükələrin necə inkişaf edəcəyi, müharibə və sülh proseslərinin idarə olunması barədə proqnozlar veriblər.

Ekspertlər qarşısında çıxış edən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bütün dövlətlərin hər zaman müxtəlif istiqamətli maraqları olduğunu və olacağını, dünya tarixinin inkişafının isə böyük dövlətlər və ittifaqların daimi rəqabəti ilə müşayiət olunduğunu təsdiq edib. Vladimir Putin deyib: “Əsas odur ki, bu rəqabət müəyyən siyasi, hüquqi, mənəvi norma və qaydalar çərçivəsində qurulsun, əks halda rəqabət, maraqların toqquşması böyük münaqişələr və dramatik hadisələrə səbəb ola bilər”.

Klubun işində iştirak edən Rusiya-Azərbaycan Dostluq Mərkəzinin direktoru, politoloq Natalya Krasovskaya qeyd edib ki, “Valday” klubu məkanında ekspertlərlə bir çox söhbətlərdə vaxtaşırı və müxtəlif aspektlərdə Azərbaycanın adı çəkilirdi. AZƏRTAC-ın müxbiri ilə söhbətində N.Krasovskaya deyib: “Bu, respublikanın dünya miqyasında artan əhəmiyyətini göstərir”. Digər məsələlərlə yanaşı Azərbaycanın tarixi təcrübəsi beynəlxalq terrorizmlə mübarizə texnologiyasının təhlili və öyrənilməsində faydalı ola bilər.

Məsələn, “Valday” diskussiya klubunun elmi işlər üzrə direktoru Fyodor Lukyanov əmindir ki, son illər Azərbaycanın rolu obyektiv olaraq artıb. Ekspert bütövlükdə regionun siyasi əhəmiyyətini də vurğulayıb. Azərbaycan isə əksər analitiklərin fikrinə görə regionun əsas dövlətidir.

“Valday” diskussiya klubunda iştirak edən Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey İvanov Rusiyanın Suriyada hərbi əməliyyatlarını təcavüz anlayışından dəqiq fərqləndirib: “Rusiya bizə bilavasitə təhlükə yaradan terrorizmlə savaşır”.

Rusiya Təhlükəsizlik Şurasının daimi üzvü S.İvanov növbəti dəfə qeyd edib ki, Rusiya bu ərəb respublikasında terrorizmlə mübarizədə koalisiya yaradılmasına ümid edir.

Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitriy Savelyev deyib: “MDB dövlət başçılarının bu yaxınlarda keçirilən iclasındakı çıxışında Prezident İlham Əliyev bəyan edib ki, “Azərbaycan öz tərəfindən beynəlxalq terrorizmlə mübarizə üçün bundan sonra da bütün səylərini əsirgəməyəcək”.

“Rusiyanın Suriya ərazisində İŞİD terrorçularına qarşı açıq səmərəli mübarizəsi Azərbaycanın və bütün Cənubi Qafqazın maraqlarına cavab verir. Bu isə o deməkdir ki, bu ümumi bəlaya qarşı mübarizə sahəsi də daxil olmaqla ölkələrimizin əməkdaşlığı güclənəcəkdir” - deyə D.Savelyev vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv