Xəbərlər
Ulu Öndər Heydər Əliyevin Azərbaycan dili ilə bağlı xidmətlərini gələcək nəsillər hər zaman qürurla anacaq

Ramid Namazov
Milli Məclisin deputatı
Ümummilli Lider 1969-cu ildə Azərbaycanda rəhbərliyə gəldikdən sonra o dövrdəki ideoloji-siyasi əngəllərə sinə gərərək Azərbaycan xalqının milli özünüdərkini və milli heysiyyətini gücləndirmək, zəngin mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, ana dilini inkişaf etdirmək üçün bir sıra zəruri tədbirlər həyata keçirmişdir.
Azərbaycan dilinə dövlət dili statusunun verilməsi isə Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biridir. O, bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur.
Ulu Öndər fəaliyyətinin bütün dövrlərində Azərbaycan dilinin keşiyində dururdu. Ötən əsrin 70-ci illərinin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gəlmiş, SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da güclənmişdi. Belə bir çətin və mürəkkəb şəraitdə Ana dilinin qorunması, təbliği olduqca böyük iradə və əzmkarlıq tələb edirdi.
Çünki 30-cu illərdə milli dil amilini irəli sürənlərin Sibirə sürgün olunması fonunda respublika rəhbərləri ana dili məsələsini gündəmə gətirməkdən qorxurdular. Böyük dövlət xadimi, dahi lider Heydər Əliyev totalitar Sovet rejiminin tətbiq etdiyi bütün baryerləri aşaraq, siyasi təqibləri göz önünə alaraq dövlətinin və xalqının milli özünüdərki və dirçəlişi, milli qürur hisslərinin oyanışına hesablanmış uzaqgörən strateji qərarlar qəbul etdi.
O, Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyinin keçirilməsinə qərar vermiş, 1969-cu il noyabrın 1-də bu təntənəli mərasimdə Azərbaycan dilində çıxış etməklə ana dilimizə, dəyərlərimizə, tarixi irsimizə olan hörmət və ehtiramını nümayiş etdirmişdir. 1974-cü ildə Azərbaycan dilinin tədqiqində fərqlənən bir qrup dilçi alimin dövlət mükafatları ilə təltif edilməsi, o cümlədən üç cildlik “Müasir Azərbaycan dili” dərsliyinin nəşri Heydər Əliyevin ana dilinə sonsuz sevgi və qayğısının, həm də milli vətənpərvərliyinin bariz nümunəsi idi.
Bu tarixi çıxış ziyalılarda, xalqımızda böyük coşğu və ruh yüksəkliyi yaratmaqla, Azərbaycan dilinin ümumişləkliyi üçün işıqlı yol açdı, milli özünüdərkdə müstəsna rol oynadı. Bunun nəticəsi idi ki, Azərbaycan dili nüfuzlu məclislərdə, dövlət əhəmiyyətli tədbirlərində istifadə olunmağa başladı. Ümummilli Lider Heydər Əliyevin dilimizə xüsusi qayğısı sayəsində təhsil müəssisələrində ana dilinin tədrisinə ayrılan saatların miqdarı, Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə ali məktəblərə qəbul planları əhəmiyyətli dərəcədə artırıldı.
Ulu Öndərin xarakterindəki milli hiss, ləyaqətlilik, məğrurluq, qorxmazlıq kimi ali keyfiyyətlər onun dil mövzusunda əsl cəsarət və sarsılmaz dəmir iradəyə malik olduğunu, dövlətin və xalqın milli mənafeyi uğrunda mübarizədə heç vaxt geri çəkilmədiyini göstərirdi.
Onun gələcəyə hesablanmış uzaqgörən siyasətinin ən mühüm addımlarından biri 1978-ci il aprelin 2-də Azərbaycan SSR Ali Sovetində Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyası layihəsində 73-cü maddənin “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” təklifini irəli sürməsi hesab oluna bilər.
Bu təkidli və geridönməz təşəbbüsün gerçəkləşməsi sayəsində 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olundu. Bununla da Heydər Əliyev adını ana dilimizin xilaskarı kimi tariximizə əbədi yazdırdı. Azərbaycan dilinin dövlət dili kimi təsdiqlənməsi və milli dil siyasətinin həyata keçirilməsi xalqımızın özünəqayıdış, özünüdərk və milli azadlıq ruhunun da yüksəlməsində müstəsna rol oynadı.
Ulu Öndərin müstəqil Azərbaycan Respublikasına rəhbərliyə qayıdışından sonra dilimizlə bağlı yeni strateji konsept müəyyənləşdi və 1995-ci il noyabrın 5-də Konstitusiyanın dövlət dili haqqında maddəsi ilə bağlı keçirilən geniş müzakirələr sayəsində Azərbaycan dilinin qanuniliyi bərqərar oldu. Noyabrın 12-də qəbul olunan müstəqil ölkəmizin ilk Konstitusiyasında Azərbaycan dili Azərbaycan Respublikasının Dövlət dili kimi təsbit olundu.
Onun imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli fərmanı, müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Sözügedən Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılıb. 2002-ci il 30 sentyabr tarixində imzalanan Sərəncama əsasən, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbulu isə ölkəmizdə dil siyasəti və dil quruculuğunun mükəmməl konsepsiyasını, onun uzunmüddətli strategiyasını və aydın proqramını müəyyən edən tarixi qanunvericilik aktları hesab edilə bilər.
Heydər Əliyevin dil siyasəti ilə bağlı müəyyənləşdirdiyi strategiya milli ideya kimi mühüm hədəflərin gerçəkləşməsində müstəsna rol oynayıb. Onun “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə “Azərbaycan əlifbası və Azərbaycan dili günü” kimi qeyd edilir.
Azərbaycan dili beynəlxalq münasibətlər sisteminə, dünya diplomatiyasına yol tapmaqla, beynəlxalq mötəbər məclislərinin ali kürsülərindən səsləndirilməklə suveren dövlətimizin milli atributlarından birinə çevrildiyini təsdiqləyir.
Ulu Öndər gənclərimizə ana dilini sevməyi, daha mükəmməl bilməyi tövsiyə edirdi. Dahi Lider qeyd edirdi ki, “Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz ana dilimizlə, Azərbaycan dili ilə fəxr edirik... Milli-mənəvi dəyərlərimiz bizim ana dilimizdir, Azərbaycan dilidir, bizim dinimizdir, bizim adət-ənənələrimizdir, bizim mənəvi-əxlaqi mentalitetimizdir”.
Onun “Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz” ifadəsi Azərbaycan dilinə tükənməz vətənpərvər münasibətin bariz təzahürüdür. Ulu Öndərimizin Azərbaycan dilinin inkişafı, xarici təsirlərdən qorunması və saflığının artırılması sayəsində zəngin xidmətlərini gələcək nəsillər hər zaman qürurla anacaq.