Xəbərlər
ATƏT-in Daimi Şurasında DTİHB-nin mandatını pozması məsələsi qaldırılıb
Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi ATƏT-in Daimi Şurasının növbəti iclasında təşkilatın Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) mandatını pozması məsələsini qaldırıb.
Daimi nümayəndəliyin bəyanatında bildirilib ki, nümayəndəlik səlahiyyətini aşaraq noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidəçi missiyası göndərməkdən imtina etmiş DTİHB ilə yaranmış vəziyyətdən çıxış üçün intensiv danışıqlar aparıb.
Tam tərkibli müşahidəçi missiyasının bərpa edilməsinin bu mərhələdə mümkünsüz ola biləcəyini nəzərə alaraq, Azərbaycan tərəfi qarşıdan gələn parlament seçkilərində DTİHB-nin başqa formada iştirakını nəzərdən keçirməyə hazır olduğunu bildirib: “Təəssüf ki, DTİHB heç bir tutarlı arqument göstərmədən iştirakçı dövlətin dəvəti əsasında ona yardım göstərməkdən məqsədyönl şəkildə imtina edib”.
Azərbaycan DTİHB-nin bu qeyri-konstruktiv mövqeyini qurumun mandatına və ATƏT-in əməkdaşlıq ruhuna zidd olduğunu və qurum tərəfindən DTİHB-ə həvalə edilmiş mandatı pozmasına zəruri qiymət verilməsinin vacib olduğunu bəyan edib.