Xəbərlər
Dünyanın ən zəngin dillərindən biri

Elşən Əzizov
YAP Saatlı rayon təşkilatının sədri
Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi, onun qorunması və inkişafı müasir tariximizin ən mühüm mərhələlərindən biridir. Bu sahədə ən böyük tarixi xidmətlər Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Dahi Lider təşəbbüsü və qətiyyəti nəticəsində 1978-ci il aprelin 27-də qəbul edilən Azərbaycan SSR Konstitusiyasında “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” müddəasının təsbit olunması milli yaddaşımıza əbədi həkk olunub.
Ulu Öndərin həmin dövrdə verdiyi qərar əslində gələcək müstəqil dövlətçiliyimizin əsasını təşkil edən milli rəmzlərdən birinin – ana dilimizin qorunması istiqamətində atılmış cəsarətli addım idi. Heydər Əliyev Konstitusiya layihəsinin ümumxalq müzakirəsinə həsr olunmuş sessiyada çıxışında 73-cü maddənin məhz həmin məzmunda olmasını təklif etmiş və bu təşəbbüs qəbul edilmişdir. Bununla da Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusu təmin olunmuş, milli kimliyimizi yaşadan dilin inkişafı üçün yeni imkanlar açılmışdır.
Heydər Əliyev bu barədə çıxışlarının birində bildirib ki, 1921 və 1937-ci illərdə qəbul olunmuş konstitusiyalarda dövlət dili ilə bağlı heç bir müddəa yer almamışdı. Lakin 1978-ci ildə bu boşluq aradan qaldırıldı. Dahi Liderin rəhbərlik etdiyi komissiyanın hazırladığı sənəddə Azərbaycan dili dövlət dili kimi təsbit olundu və bu, mühüm tarixi nailiyyət kimi dəyərləndirilməlidir.
Ana dilimiz bizim milli varlığımızı təcəssüm etdirən əsas mənəvi dəyərdir, tarix boyu xalqımızın taleyini paylaşmış, onun yaddaşını, adət-ənənələrini, düşüncə və dünyagörüşünü yaşatmışdır. Dilimiz dövlət atributlarımız olan himn, gerb və bayraq qədər müqəddəsdir.
SSRİ məkanında dil məsələsinin yenidən gündəmə gətirildiyi bir dövrdə Ümummilli Liderin prinsipial mövqeyi və uzaqgörənliyi nəticəsində Azərbaycan dili dövlət dili kimi qorundu. Bu, xalqımızın milli-mənəvi bütövlüyü baxımından mühüm əhəmiyyət daşıyırdı. Heydər Əliyev ziyalıları və ictimaiyyəti bu istiqamətdə səfərbər edərək ana dilinin hüquqlarının təmin olunması üçün geniş mübarizə apardı.
Bu gün də həmin siyasi kurs uğurla davam etdirilir. Prezident İlham Əliyev dil siyasətini müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirir. Dövlət başçısı çıxışlarında dəfələrlə qeyd edib ki, Azərbaycan dili o qədər zəngin və ahəngdardır ki, heç bir yad kəlməyə ehtiyac yoxdur: “Biz əsrlər boyu dilimizi qorumuşuq, bu gün də qorumalıyıq. Azərbaycan dilinin saflığını təmin etməliyik”.
Bu gün Azərbaycan dili dünyanın nüfuzlu tribunalardan səslənir, diplomatik münasibətlərdə geniş istifadə olunur. Dövlət səviyyəsində həyata keçirilən tədbirlər, qəbul olunan qanunlar və fərmanlar ana dilimizin inkişafına xidmət edir. Ümummilli Liderin əsasını qoyduğu milli siyasətin uğurlu davamı nəticəsində Azərbaycan dili milli həmrəyliyin və identikliyin simvoluna çevrilib.