YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ana dili xalqın milli-mənəvi sərvətidir

Zaur Muradov

YAP İsmayıllı rayon təşkilatının sədri

Azərbaycan dilinin dövlət dili kimi qəbul olunmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. O, Azərbaycan ədəbi və xalq danışıq dilini dərindən bilən, dilimizin zəngin lüğət ehtiyatına və qrammatik imkanlarına mükəmməl bələd olan nadir şəxsiyyət idi. Ulu Öndər yüksək səviyyəli tədbirlərdə ana dilində etdiyi parlaq və təsirli çıxışları ilə ictimai rəydə dilimizə olan hörmət və məhəbbəti daha da artırmışdır. Onun şəxsi nüfuzu, xalq tərəfindən duyulan sevgi və rəğbət, eyni zamanda istifadə etdiyi Azərbaycan dilinə də xüsusi münasibətin formalaşmasına səbəb olmuşdur. Bu da ölkə üzrə həm yuxarıdan-aşağıya, həm də aşağıdan-yuxarıya güclü dövlət dili mühitinin formalaşmasına səbəb olmuşdur.

1977–1978-ci illər Heydər Əliyevin rəhbərlik etdiyi respublika üçün ciddi sınaq illəri idi. Belə ki, 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edildi və bu sənəd digər ittifaq respublikaları üçün nümunə kimi nəzərdə tutulurdu. Həmin Konstitusiyada dövlət dili ilə bağlı heç bir maddə yer almamışdı və buna uyğun olaraq, digər respublikalarda qəbul edilən konstitusiyalarda da belə bir müddəa öz əksini tapmamışdı.

Lakin Azərbaycanda vəziyyət fərqli idi. Heydər Əliyev ana dilimizin hüquqi statusunun təsbit olunması uğrunda mübarizəsini davam etdirirdi. Dövlət dili məsələsində prinsipial mövqe sərgiləyən respublika rəhbəri bu məsələnin konstitusiyada yer almamasına razı ola bilməzdi. O, ziyalıları, ictimaiyyəti, bütün xalqı bu mübarizəyə səfərbər edərək böyük əzmkarlıq göstərmiş, qarşıya çıxan çətinliklərə və təzyiqlərə qətiyyətlə sinə gəlmişdir.

1978-ci il aprelin 21-də Azərbaycan SSR Ali Sovetinin doqquzuncu çağırış yeddinci sessiyasında çıxış edən Heydər Əliyevin təşəbbüsü ilə Konstitusiyanın 73-cü maddəsinin aşağıdakı redaksiyada verilməsi təklif edildi: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”.

Eyni zamanda, Konstitusiyada dövlət orqanlarında, ictimai təşkilatlarda, maarif və digər sahələrdə Azərbaycan dilinin işlədilməsi, onun hərtərəfli inkişafına dövlət qayğısı göstərilməsi də öz əksini tapdı. 1978-ci il Konstitusiyası Heydər Əliyevin öz xalqı və vətəni qarşısında göstərdiyi mühüm xidmətlərdən biri kimi tarixə düşdü.

Müstəqillik dövründə isə bu siyasət davam etdirildi. 1995-ci ildə ümumxalq referendumu ilə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyasında da (21-ci maddə) Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Konstitusiyada həmçinin dövlət dilinin inkişafının təmin olunması da hüquqi norma kimi öz yerini tapdı.

Ana dilinə daim xüsusi önəm verən, onun qorunması və zənginləşdirilməsi istiqamətində mühüm addımlar atan Heydər Əliyev 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzaladı. Bu sənəddə həm dilimizin tarixi inkişafı qeyd olunmuş, həm də müasir dövrdə meydana çıxan problemlər təhlil edilərək onların həlli yolları göstərilmişdi.

Bu siyasət sonrakı illərdə də ardıcıl olaraq davam etdirilmişdir. 2004-cü il yanvarın 12-də Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam ölkədə əlifba ilə bağlı məsələlərin həllinə mühüm töhfə vermişdir.