Xəbərlər
Uğurla inkişaf edən Azərbaycan-Çin münasibətləri

Vüqar İsayev
YAP Göygöl rayon təşkilatının sədri
Çin Azərbaycanın Asiyaya açılan etibarlı qapısıdır, Azərbaycan isə Çinin Qafqaza və Avropaya inteqrasiyasında mühüm həlqə rolunu oynayır. Qeyd edək ki, bugünkü Çin-Azərbaycan əlaqələrinin əsasını təşkil edən bu dərin tarixi bağlılıq, ölkəmiz müstəqillik qazandıqdan sonra - 1992-ci ildə rəsmi diplomatik münasibətlərin qurulması ilə yeni mərhələyə qədəm qoydu. Ötən 33 il ərzində bu münasibətlər yüksələn xətt üzrə inkişaf etmiş, qarşılıqlı hörmət və əməkdaşlıq ruhunda möhkəmlənmişdir. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, bu əlaqələrin bu səviyyəyə çatması yalnız iqtisadi və diplomatik deyil, həm də regionda sülhə və sabitliyə verilmiş mühüm töhfədir. Məhz bu baxımdan, Azərbaycanın Çinin təşəbbüsü olan "Bir kəmər, bir yol" layihəsində fəal şəkildə iştirak etməsi təsadüfi deyil. Azərbaycan bu qlobal təşəbbüsün vacib tərkib hissəsinə çevrilmiş və öz tranzit potensialı ilə layihəyə əhəmiyyətli töhfələr vermişdir.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın "Bir kəmər, bir yol" layihəsində tutduğu mövqe və oynadığı rol olduqca strateji və nüfuzludur. Bu mövqe Çin tərəfindən də yüksək qiymətləndirilmiş və xüsusi hörmətlə qarşılanmışdır. Bu münasibətlərin təməli isə Azərbaycanın müstəqillik əldə etməsindən sonra bilavasitə ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. 1994-cü ildə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev ilk rəsmi xarici səfərlərindən birini məhz Çinə etmişdi. Heydər Əliyevin siyasi uzaqgörənliyi və liderlik qabiliyyəti Çin tərəfindən də yüksək qiymətləndirilmişdi. Həmin dövrdə Çin rəhbərliyi artıq Azərbaycanın gələcəkdə regionun aparıcı geostrateji oyunçularından birinə çevriləcəyini öncədən görür və bu baxımdan ölkəmizə xüsusi diqqət yetirirdi.
Qarşılıqlı etimada əsaslanan münasibətlər bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev beynəlxalq tədbirlərdəki çıxışlarında və nüfuzlu xarici media nümayəndələrinə verdiyi müsahibələrində Azərbaycan-Çin əlaqələrinin əhəmiyyətini dəfələrlə vurğulamışdır. Ölkə başçımız Çinin ən böyük media qurumlarından biri olan "China Media Group"a geniş müsahibələr vermiş və ikitərəfli münasibətlərin perspektivlərini xüsusi olaraq diqqətə çatdırmışdır. Bu, həm də Azərbaycan-Çin münasibətlərinin inkişaf dinamikasını və bu günədək əldə edilmiş müsbət nəticələri bariz şəkildə əks etdirir. Bu tərəfdaşlıq yalnız iqtisadi deyil, siyasi və diplomatik sahələrdə də özünü açıq şəkildə göstərir. Azərbaycan bu gün dünyanın ikinci ən böyük iqtisadiyyatına malik, qlobal miqyasda mühüm siyasi nüfuza sahib olan Çinlə bir sıra mühüm layihələr çərçivəsində qarşılıqlı əməkdaşlıq münasibətləri qurmuşdur. Azərbaycan və Çin arasında formalaşmış bu strateji tərəfdaşlıq müxtəlif sahələrdə - xüsusən də diplomatik, iqtisadi və siyasi istiqamətlərdə öz bariz təsirini göstərir. Azərbaycan-Çin münasibətlərinin güclü təməli, həm də Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında qurulmuş sıx əlaqələr və qarşılıqlı mübadilə mexanizmləri üzərində qurulub. Çin tərəfi, eyni zamanda beynəlxalq platformalarda Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləməklə bu münasibətlərin dostluq və strateji əməkdaşlıq xarakterini bir daha təsdiqləmiş olur. Azərbaycanın bu cür böyük iqtisadi və siyasi gücə malik olan Çinlə eyni platformada yer alması, layihələrdə fəal iştirak etməsi, ölkəmizin artan beynəlxalq çəkisinin və geosiyasi rolunun göstəricisidir. Hazırda isə möhtərəm Prezidentimiz cənab İlham Əliyev Çin Xalq Respublikasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunun, eyni zamanda qarşılıqlı əməkdaşlığın növbəti mərhələyə keçəcəyinin mühüm göstəricisidir. Səfər çərçivəsində aparılacaq danışıqlar və imzalanacaq sənədlər Azərbaycan-Çin əlaqələrinin yeni inkişaf mərhələsinə qədəm qoymasının sübutu olacaq. Hesab edirəm ki, cənab Prezidentin Çin Xalq Respublikasına səfəri çərçivəsində keçirilən görüşlər və müzakirə olunan məsələlər, iqtisadi, siyasi və diplomatik sahələrdə əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcək.
Ən əsası, müstəqilliyimizin əldə olunmasından sonra keçən 33 il ərzində ardıcıl, dinamik və yüksələn xətt üzrə inkişaf edən ikitərəfli münasibətlər bu gün strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır.