YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Əlaqələrimiz bundan sonra da yüksələn xətlə inkişaf edəcək

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

“Mən çox şadam ki, prezident vəzifəsinə seçiləndən sonra Siz ilk rəsmi səfəri Azərbaycana edirsiniz. Biz bunu Azərbaycanda çox yüksək qiymətləndiririk. Bu, bir daha Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətini, xalqlarımızın dostluğunu, qardaşlığını göstərir.” Dövlətimizin başçısı İlham Əliyevin bu günlərdə ölkəmizdə səfərdə olan Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə mətbuata bəyanatında söylədiyi bu fikirlər iki ölkə arasında münasibətlərin hazırkı inkişaf səviyyəsinin təqdimatı oldu.

Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır.  Bu reallığı Gürcüstanın Prezidenti  məbuata bəyanatında xüsusi qeyd etdi. Belə ki, “Bu səfərdə Gürcüstanla Azərbaycan arasında strateji və xüsusi mehriban qonşuluq münasibətləri vurğulanır. Bu vəzifəyə seçildikdən sonra tezliklə Azərbaycana səfər etmək mənim üçün vacib idi. Şadam ki, artıq cənab İlham Əliyevlə görüşmək imkanım olub. Biz Gürcüstanla Azərbaycan arasında çoxşaxəli nümunəvi əlaqələr, Cənubi Qafqaz regionunun çağırışları, dünyada gedən cari proseslər barədə düşüncələrimizi və fikirlərimizi bölüşdük” söyləyən Mixeil Kavelaşvili vurğuladı ki, bizim dostluğumuz qarşılıqlı hörmətə və bir-birimizin milli maraqlarının nəzərə alınmasına əsaslanır. Biz münasibətlərdə güvənməyin nə qədər vacib olduğunu başa düşürük və sözümüzün dəyərini bilirik. Bizi xilas edən və bu günə çatdıran bir sıra yazılmamış qanunlarımız, dəyərlərimiz var. Ona görə də Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığı bu qədər xüsusi və nümunəvidir.

Bu gün Gürcüstanla Azərbaycanı Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars və Trans-Anadolu Qaz Boru Kəməri kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Hər iki ölkənin də tarixi İpək yolu üzərində yerləşməsi qitələri birləşdirən yeni nəqliyyat layihələri üçün geniş perspektivlər vəd edir. Gürcüstandan keçən və uğurla həyata keçirilən qeyd olunan layihələr bərpa olunan enerji resursları ilə zəngin olan ölkələrin yaşıl enerji sahəsində də birgə əməkdaşlıq edə biləcəklərini söyləməyə əsas verir.

Azərbaycan və Gürcüstan istər regional, istərsə də beynəlxalq səviyyədə birgə üzv olduqları bütün təşkilatlarda qarşılıqlı şəkildə bir-birlərinin mövqelərini dəstəkləyirlər. Gürcüstanın Prezidenti bildirdi ki, ölkələrimiz arasında mövcud olan xüsusi, çoxəsrlik dostluq və ümumi düşünülmüş siyasət bizə regionumuzun rolunu düzgün müəyyənləşdirməyə imkan verib. Ümumi gələcəyimizə uğurlu, iqtisadi cəhətdən güclü və firavan Cənubi Qafqaz regionu daxildir ki, burada xalqlarımız öz adət və ənənələri ilə birgə yaşaya biləcəklər, dırnaqarası liberal dəyərlərlə yox: “Təəssüf ki, son vaxtlar ölkələrimiz dəfələrlə ikili standartların və xarici qüvvələrin daxili işlərə müdaxiləsinin obyektinə çevrilib. Çoxsaylı səylərə baxmayaraq, biz bu təhlükələri qətiyyətlə aradan qaldırırıq, regionun təhlükəsizliyini və sabitliyini təmin edirik”.

Azərbaycan-Gürcüstan münasibətlərinin tarixinə qısa nəzər salaq. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub.  Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik inkişaf edib, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb. Ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib, indiyədək ölkələrimiz arasında 120-dən çox  sənəd imzalanıb. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb.

Hazırda Azərbaycan və Gürcüstan arasında  əməkdaşlıq uğurla davam edir və bu əməkdaşlıq bütün sahələri - ticarət, maliyyə, investisiya, bank, enerji, nəqliyyat, kənd təsərrüfatı, idman, təhsil, mədəniyyət və digər sahələri əhatə edir.

Prezident İlham Əliyev çıxışlarında Azərbaycanın qonşuları ilə yaxşı dostluq əlaqələri qurmaqda maraqlı, bunun həm bizim, həm də qonşu ölkələrin hərtərəfli inkişafı üçün vacib faktorlardan biri olduğunu qeyd edir. Bu mənada Azərbaycan üçün önəmli bir dövlət olan Gürcüstanla əlaqələrin bundan sonra da yüksələn xətlə  davam etdiriləcəyini, birlikdə yeni enerji və nəqliyyat layihələrinin həyata keçiriləcəyini söyləmək üçün böyük əsaslar mövcuddur. Gürcüstanın Prezidenti əminliklə vurğuladı ki, ölkələrimizin və xalqlarımızın mənafeyi naminə bir-birimizin maraqlarını nəzərə alaraq əlaqələrimiz daha da sürətlə inkişaf edəcək.

DİGƏR Xəbərlər Arxiv