YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ana dilinə həssas münasibət milli-mənəvi dəyərlərin qorunması və qalib Azərbaycanın qüdrətinin daha da artırılmasına xidmət edir

Bədəl Bədəlov

Milli Məclisin deputatı

Xalqımızın tarixi-mədəni kimliyinin qorunmasının əsas amillərindən biri ana dilidir. Millətin mənəvi sərvəti olan bu dil əsrlər boyu yazılı və şifahi ədəbiyyatda, həmçinin ictimai düşüncədə öz mühüm yerini qoruyub saxlamışdır. Lakin dilin hüquqi-siyasi status daşıması üçün keçilən yol heç də asan olmamışdır. Xüsusilə Sovet dönəmində Azərbaycan dilinin konstitusiya ilə dövlət dili kimi təsbit olunması ciddi siyasi iradə və prinsipial mövqe tələb etmişdir. Bu baxımdan, 27 aprel 1978-ci il tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi rəsmiləşdirilməsi Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin və milli kimlik məsələlərinə xüsusi həssaslıqla yanaşmasının uğurlu nəticəsi idi.

XX əsrin ortalarında Sovet İttifaqında aparılan ideoloji siyasətə əsasən, milli dillər ikinci plana keçirilməyə, hətta bəzən onların istifadəsi məhdudlaşdırılmağa cəhd edilmişdir. SSRİ-nin bir sıra müttəfiq respublikalarında yeni konstitusiyaların qəbul olunduğu dövrdə milli dillərin rəsmi sənədlərdən çıxarılması presedentləri mövcud idi. Belə bir reallıqda Azərbaycan dilinin rəsmi statusa qaldırılması dövlətçilik düşüncəsinin hüquqi ifadəsi və gələcəyə yönəlik mənəvi-siyasi yanaşmanın təməli kimi dəyərləndirilir.

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın rəhbərlik etdiyi ilk dövrlərdən başlayaraq milli-mədəni dəyərlərə, dil və ədəbiyyata xüsusi önəm vermişdir. Ulu Öndərin təşəbbüsü ilə dil, tarix, ədəbiyyat sahəsində bir çox institutlar yenidən qurulmuş, ana dilində təhsil və nəşriyyat fəaliyyəti gücləndirilmişdir. Lakin ən mühüm və strateji addım 1978-ci il konstitusiya dəyişikliyi idi. Bu dəyişikliklə Azərbaycan dili ilk dəfə olaraq konstitusion status qazanmışdır. Həmin maddədə dilin dövlət idarəçiliyində, rəsmi sənədlərdə və təhsil sistemində əsas rol oynaması hüquqi zəmanət altına alınmışdır. Dahi Lider Heydər Əliyev Sovet rəhbərliyinin təzyiqlərinə baxmayaraq, xalqın milli ruhunu qorumağı və dilini gələcək nəsillərə ötürmək üçün hüquqi zəmin yaratmağı əsas prioritet kimi müəyyən etmişdir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ana dilinə münasibət artıq dövlətçilik ideologiyasının ayrılmaz tərkib hissəsinə çevrilmişdir. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Ulu Öndər müstəqil dövlətimizin yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın 5 noyabr 1995-ci ildə keçirilən iclasında müzakirələrin məntiqi nəticəsi kimi dövlət dilinin adı barədə öz qəti fikrini bildirmişdir: “Mən hər bir dilə hörmət edirəm və ehtiramımı bildirirəm. Hesab edirəm ki, Azərbaycan dili ilə fəxr edə bilərik. Çünki bu zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın da, dilimizin də adı tanınıb. Bu reallıqdır”.

Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonrakı mərhələdə ana dilimizin qorunması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər daha da sistemləşdirilmiş, dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir.

Ulu Öndər Heydər Əliyev 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. Bu Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. 2002-ci il 30 sentyabr tarixində “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.

Bu gün Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamına əsasən, hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Bundan başqa, həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib.

Azərbaycan Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın məqsədi Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinin təminidir. Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Azərbaycan dilinin beynəlxalq platformalarda tanıdılması, xarici ali məktəblərdə Azərbaycan dili kafedralarının yaradılması, dilin elektron leksik sistemlərinin hazırlanması və dil siyasətinə dair dövlət proqramlarının həyata keçirilməsi bu sahədə atılmış uğurlu addımların məntiqi davamıdır.

Nəticə etibarilə, ana dilinə həssas münasibət xalqımızın bütövlüyünün, milli-mənəvi dəyərlərin qorunması, azərbaycanlı milli kimliyinin təsdiqi, ölkənin qüdrətinin artırılması baxımından olduqca mühüm əhəmiyyətə malikdir.

DİGƏR Xəbərlər Arxiv