Xəbərlər
Şəmkirdə “Konstitusiya və Suverenlik ili” çərçivəsində minifutbol üzrə ümumrayon turniri keçirilib
Şəmkir Olimpiya İdman Kompleksində futbol üzrə uşaq və yeniyetmələr arasında Şəmkir ümumrayon turniri keçirilib.
Turnirdə Şəmkir rayonu üzrə gənclər və idman sektorunun müdiri vəzifəsini müvəqqəti icra edən Pərvin Gözəlov, Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir Olimpiya İdman Kompleksinin direktoru Mahir Şirinov və məşqçi müəllimlər iştirak ediblər.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətindən, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ildə keçirilmiş bir günlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam təmin edilməsi barədə danışıb.
F.Vəliyev, həmçinin uşaq və yeniyetmələrin idmana olan marağının artırılması, rayonda futbol idman növünün inkişafına və kütləviliyinə nail olmaq üçün bu cür tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıb.
Şəmkir rayonu üzrə gənclər və idman sektorunun müdiri vəzifəsini müvəqqəti icra edən Pərvin Gözəlov turnir haqqında məlumat verib.
Rayon turnirində 56 idmançı olmaqla 8 komanda iştirak edib.
Yekunda qalib gələn komandalara Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin diplomları və YAP Şəmkir rayon təşkilatının hədiyyələri təqdim olunub.