Xəbərlər
“Zəkanın qalası: Suverenlik” mövzusunda intellektual yarış keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatı və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Zəkanın qalası: Suverenlik” mövzusunda intellektual yarış keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov bildirib ki, müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilən Konstitusiyası dövlətçiliyimizin möhkəmlənməsində mühüm rol oynayıb. Konstitusiya hər bir dövlətin əsas qanunu, hüquqi sisteminin təməlidir. O, xalqın iradəsini, hüquq və azadlıqlarını təmin edən ən vacib sənəddir. Suverenlik isə bir dövlətin müstəqilliyini və öz taleyini sərbəst şəkildə müəyyən etmə haqqını ifadə edir.
A.Xudadanov vurğulayıb ki, bu yarış gənclərə hüquqi biliklər qazandıracaq, eyni zamanda milli kimliyimiz və dövlətçilik dəyərlərimiz haqqında daha dərindən düşünməyə imkan verəcək.
Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan xalqı tarix boyu suverenliyini qorumaq uğrunda mübarizə aparıb və bu gün də onu gücləndirmək üçün birgə çalışır. Müzəfər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanaraq dövlətimizin ərazi bütövlüyünü bərpa etdi. Vətən müharibəsindəki qələbəmiz dövlət-xalq-ordu birliyinin, vəhdətinin təntənəsi və nəticəsi idi. Milli birlik Konstitusiyanın əsas dəyərlərindən biridir. Bu birlik sayəsində dövlətimizin müstəqilliyi möhkəmlənir, hüquqlarımız qorunur və gələcəyimiz təmin edilir.
YAP Gənclər Birliyinin üzvü, Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva vurğulayıb ki, hər bir vətəndaş Konstitusiyaya hörmət etməli, onu yaşatmalı və suverenliyimizi daim uca tutmalıdır. Bu gün ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə qloballaşan dünyada nüfuzlu ölkə olaraq söz sahibidir. Bütün bunlar da milli birlik və milli suverenliyimizin vasitəsilə möhkəm təməllər üzərində qorunur və inkişaf edir.
Qeyd edək ki, intellektual yarış hər bir komandada 5 iştirakçı olmaqla 4 turdan ibarət olub. 8 komandanın iştirak etdiyi yarışda I yeri “Hakimiyyətin səsi”, II yeri “Qanun ustaları”, III yeri – “Əsas qanun zəkası” komandası tutub.
Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.