Xəbərlər
Şəkidə "Konstitusiya və Suverenlik İli"nə həsr olunan tədbir keçirilib
Şəki Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatı, Şəki Şəhər İcra Hakimiyyəti və Şəki Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 2025-ci il ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan edilməsi münasibətilə tədbir keçirilib.
Tədbirdə YAP Şəki rayon təşkilatının sədr müavini Ziya Vəliyev, Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəyalə Töhrablı, Şəki Heydər Əliyev Mərkəzinin direktoru Rauf Hacıyev, ərazi partiya təşkilat sədrləri və partiya fəalları iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Şəki Heydər Əliyev Mərkəzinin direktoru bildirib ki, 2024-cü il 28 dekabr tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il “Konstitusiya və Suverenlik İli” elan edilib və bu qərar hüquqi dövlət prinsiplərini və suverenlik ideyasını daha geniş şəkildə təbliğ etmək məqsədi daşıyır.
YAP Şəki rayon təşkilatının sədr müavini Ziya Vəliyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyini qoruyub saxlayan, onu möhkəmləndirərək davamlı inkişaf yoluna çıxaran dahi şəxsiyyət olduğunu vurğulayıb. Ulu Öndərin rəhbərliyi ilə 1995-ci ildə Azərbaycanın ilk müstəqil Konstitusiyasının qəbul olunması prosesindən, insan hüquq və azadlıqlarının qorunması baxımından əhəmiyyətindən, dövlətçilik və suverenlik prinsiplərinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını əsas tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini cəsarətlə və prinsipial şəkildə davam etdirir, Konstitusiyanın tələblərinə və suveren hüquqlarına əsaslanaraq qarşıya qoyulan strateji hədəflərə doğru inamla irəliləyir.
Şəki Şəhər İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Sadiq Yusifov suverenlik anlayışının mahiyyəti, suverenliyimizin tam bərpa olunması və onun qorunmasının dövlətin müstəqilliyi üçün nə qədər vacib olduğunu, bu sahədə Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin tarixi xidmətlərindən söhbət açıb. Bildirib ki, 44 günlük Vətən müharibəsində əldə olunan şanlı Qələbə nəticəsində Azərbaycanın ərazi bütövlüyü, 2023-cü ilin sentyabrında isə antiterror əməliyyatı nəticəsində suverenliyimiz tam bərpa olunub, bu gün də Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın müstəqilliyini və suverenliyini daha da möhkəmləndirir.
Çıxış edən Şəki Heydər Əliyev Mərkəzinin əməkdaşı Xumar Musayeva Prezident İlham Əliyevin rəhbərliyi ilə suveren və bütöv Azərbaycanı yeni dövrdə misilsiz inkişafın növbəti mühüm mərhələsi gözlədiyini, dövlətimiz və xalqımızın tarixi nailiyyətlərə imza atmaqda davam edəcəyini bildirib. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi ilə atılan addımlar sayəsində Azərbaycan dövləti bu gün müstəqil, güclü və suveren bir ölkə kimi dünya arenasında layiqli yer tutur.
Sonra “Konstitusiya və Suverenlik” ilinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Yekunda Yeni Azərbaycan Partiyasına qəbul olunmuş yeni üzvlərə vəsiqələr təqdim olunub.