Xəbərlər
“Milli iradə, suveren dövlət, hüquqi Konstitusiya”

Yeni Azərbaycan Partiyası (YAP) Salyan rayon təşkilatı və Salyan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Milli iradə, suveren dövlət, hüquqi Konstitusiya” adlı tədbir keçirilib.
YAP Salyan rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Sonra tədbirdə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş videoçarx nümayiş olunub.
YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov çıxış edərək Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasının dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolu oynadığını vurğulayıb. Qeyd olunub ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbənin 5-ci ildönümü ilə əlaqədar ölkəmizin tarixi nailiyyətlərini vurğulayan əlamətdar hadisədir. Bu qərar müstəqil Azərbaycanın gücünü və inkişafını bir daha nümayiş etdirməklə yanaşı, xalqımızın birliyinin, həmrəyliyinin ifadəsidir.
Tədbirdə çıxış edən Salyan Rayon Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov bildirib ki, Ulu Öndər Heydər Əliyev ənənələrinin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən xalqın rifahına, insan hüquq və azadlıqlarının inkişafına, siyasi, iqtisadi və sosial sferaların dəqiq tənzimlənməsinə xidmət edən hüquqi islahatlar, müvafiq dövlət proqramları, habelə ictimai proseslər dövlət suverenliyinin daha da gücləndirilməsi məqsədini daşıyır. Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörənliyi, siyasi iradəsi və rəhbərliyi ilə ölkəmiz tarixi Zəfərə imza ataraq adını qalib dövlətlər sıralarına yazdırıb, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi milli dövlətçilik şurunun dahada möhkəmləndirilməsinə, dünya azərbaycanlılarının, o cümlədən gənclərin bir hədəf və amal ətrafında daha sıx birləşməsinə şərait yaradacaq.
Tədbirdə həmçinin, Salyan Rayon Polis şöbəsi rəisinin Şəxsi Heyətin işi üzrə köməkçisi, polkovnik-leytenant Fərhad Əmiraslanov, Salyan Rayon Məhkəməsinin böyük məsləhətçisi Hüseyn Rzayev, Salyan şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi, Əməkdar müəllim Sehranə Rzayeva, Salyan Rayon Marışlı kənd tam orta məktəbin hərbi rəhbəri, Vətən müharibəsi qazisi Faiq Abdullayev, Salyan Rayon Peşə liseyinin dil-ədəbiyyat müəllimi Yeganə Mirzəyeva və digərləri çıxış ediblər. Natiqlər qeyd ediblər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində torpaqlarımızın işğaldan azad olunması həm möhtəşəm hərbi nailiyyət, həm də siyasi və diplomatik Zəfər olmaqla Konstitusiyanın uyğun şəkildə dövlətimizin tam suverenliyinin təmininə xidmət edib.