Xəbərlər
Türk dünyasının birliyi xarici siyasətimizin əsas istiqamətlərindən biridir

Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri
Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu, dövlət başçısı İlham Əliyevin nüfuzu aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda bir daha təsdiqləndi. Azərbaycanın regionla inkişafın aparıcı qüvvsi, dünyanın enerji təhlükəsizliyüinin təminatçısı kimi möhkəmlənən mövqeyi dövlətimizin düşünülmüş və gələcəyə hesablanmüış siyasətinin təntənəsidir. Dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin qatıldığı forumda dövlət başçısı İlham Əliyev regionda və dünyada baş verən hadisələri təhlil etməklə ölkəmizin bu proseslərə necə yanaşma nümayiş etdirdiyini açıqladı. ADA Universitetinə tanınmış analitiklər, strateji araşdırma mərkəzlərinin təmsilçiləri, siyasət və dövlət adamları toplaşmışdı. Yeni dünya nizamının necə qurulacağı, proseslərin hansı müstəvidə cərəyan edəcəyi, öz ölkələri ilə Azərbaycanın münasibətlərinin perspektivləri ilə bağlı suallar Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə cavablandırıldı.
Forumda təsdiqini tapan mühüm məqamlardan biri də Azərbaycanın nüfuzlu beynəlxalq aktora çevrilməsi oldu. Cənab İlham Əliyev vurğuladı ki, Azərbaycanın nəzərə alınmamasının mümkünsüz olduğunu anlamaq üçün, sadəcə, xəritəyə nəzər salmaq kifayət edər. Bu məsələ qismən yerləşdiyimiz coğrafiya və Azərbaycan xalqının tarixi, Azərbaycanın, eyni zamanda, Şərqi və Qərbi coğrafiyanın bir hissəsi olaraq əsrlər boyunca necə inkişaf etməsi ilə bağlıdır. Əlbəttə ki, coğrafiya hər bir ölkə üçün mühüm amildir. Lakin o, siyasətimizdə dominantlıq edən yeganə amil deyil. Beləliklə, siyasətimizi həmin coğrafiya əsasında qurmuşuq. Xəzər dənizinin o tayındakı və Azərbaycanın cənubundakı qonşularımızla, xüsusilə Yaxın Şərq ölkələri ilə çox güclü münasibətlər qurmuşuq. Avropa ölkələri ilə uzunmüddətli əməkdaşlığa gəldikdə, bu ölkələrin bir çoxu ilə Azərbaycan strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıb və ya qəbul edib. Beləliklə, artıq qurulmuş bu platforma Mərkəzi Asiya və Avropa regionu arasında coğrafi, siyasi, iqtisadi və nəqliyyat körpüsü olaraq önəmli rol oynamağa imkan verir: «İndi istər Avropa İttifaqı və ya Amerika Birləşmiş Ştatları olsun, istərsə də digər beynəlxalq təşkilatlar olsun, Qərbdən Mərkəzi Asiyaya və əlbəttə ki, həmin regionla uzunmüddətli əməkdaşlığın qurulmasının planlaşdırılmasına böyük marağın olduğunu bilirik. Azərbaycanın nəzərə alınmamasının mümkünsüz olduğunu anlamaq üçün, sadəcə, xəritəyə nəzər salmaq kifayət edər. Baxmayaraq ki, Avropada Azərbaycanı nəinki bu prosesdən ayırmağı, eyni zamanda, Qafqazda, xüsusilə Cənubi Qafqazda ayırıcı xətlər yaratmaq istəyən bəzi qüvvələr var. Lakin bu səylər əlbəttə ki, uğurla nəticələnməyəcək. Çünki Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında nəinki coğrafiya, eyni zamanda, siyasi, iqtisadi, mədəni əlaqələr tərəfdaşlığın bu unikal ab-havasını yaradır. Beləliklə, Azərbaycan geosiyasi cəhətdən Cənubi Qafqazda, Xəzər dənizinin sahilində yerləşən bir ölkədir, lakin, eyni zamanda, Mərkəzi Asiyaya yaxınıq. Yalnız Xəzər dənizi bizi ayırır. Beləliklə, praktiki əməkdaşlıq, nəqliyyat, Orta Dəhliz nöqteyi-nəzərdən körpülər qurmaq və yükdaşımaların həcmini artırmaq məqsədilə çoxlu işlər görmüşük».
Azərbaycanın nəqliyyat infrastrukturuna, xüsusilə dəniz limanına, gəmiqayırma zavoduna, dəmir yolu müəssisələrinə və bu gün yaradılan digər logistik infrastrukturumuza yatırılan böyük investisiyalar önəmlidir və ildən-ilə təkcə Mərkəzi Asiyadan yox, həmçinin Azərbaycanın ərazisindən keçməklə Çindən gedən və Avropadan Çinə gedən yüklərin həcminin artdığını görürük. “Hesab edirəm ki, bu, vacib bir aktivdir və Mərkəzi Asiya ölkələri ilə münasibətlərini yaxından qurmaq istəyən istənilən beynəlxalq aktor üçün yenə də xəritəyə və Azərbaycan ilə Mərkəzi Asiya ölkələri liderləri arasında siyasi müstəvidə qarşılıqlı əlaqələrə nəzər salmaq kifayətdir”.
Reallıq budur ki, Azərbaycan qarşılıqlı hörmət və maraq əsasında çox güclü əlaqələr qurub. Eyni sözlər Yaxın Şərq ölkələri və Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrlə olan güclü əlaqələrimizə də şamil edilə bilər. Artıq müxtəlif investisiya layihələri üzərində fəal işləyirik. Eyni sözləri Mərkəzi Asiya ölkələri haqqında da söyləmək olar. Bəzi Mərkəzi Asiya ölkələri və Körfəz Əməkdaşlığı Şurasına üzv ölkələrin bəziləri ilə bir neçə birgə investisiya fondunu yaratmışıq. Cənab İlham Əliyev bildirdi: “Beləliklə, bu sinerjinin yaradılması əlbəttə ki, hamımıza fayda verəcək. Bu yaxınlarda - altı ay bundan əvvəl biz Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə gedəcək yaşıl enerji kabelinə dair mühüm bir müqavilə imzaladıq. Beləliklə, bu müqavilə Mərkəzi Asiyanın artıq mövcud olan və bəzilərinin üzərində iş gedən geniş enerji resurslarını buraya gətirəcək və Azərbaycanın geniş enerji resurslarına əlavə edəcək, enerji təhlükəsizliyi ilə bağlı Avropa ölkələrinə dəstək olacaq. Hələ ki, söhbət neft və qazdan gedir. Lakin yaşıl enerjidən elektrik enerjisi yaradılacaq.” Ümumilikdə daşımalar, yaşıl enerji, təhlükəsizlik, sabitlik, regionumuzun dövlətçiliyi və müstəqilliyini qorumaq üçün birgə səylər mühüm beynəlxalq amildir.
Dövlətimizin başçısı türk dünyasının birliyinin, həmrəyliyinin yeni dünya nizamının formalaşdırılmasında rolundan da bəhs etdi. Vurğuladı ki, Azərbaycan türk dünyası ölkələri arasında əməkdaşlıq zamanı çox mühüm rol oynamış ölkədir. Biz ötən yay Şuşada ilk qeyri-formal Zirvə toplantısına başladıq. Türk dünyasında ölkələr arasında münasibətlər bizim üçün çox vacibdir. Bizim üçün bu, xarici siyasətimizin əsas prioritetlərindən biridir. Bizi tarix, etnik köklər, dil oxşarlıqları, mədəniyyət və adət-ənənələr birləşdirir və biz təşkilatı daha güclü və nəticəyə yönələn təşkilat kimi görmək istəyirik. Bu məqsədlə Azərbaycan əlindən gələni edir. Üzv dövlətlər arasında qarşılıqlı fəaliyyət baxımından çox yaxşı mühit var. Forumun mövzusu həqiqətən göstərir ki, biz yubanmalı deyilik və təşkilatımızı mühüm qlobal iştirakçıya çevirmək fürsətini əldən buraxmalı deyilik. Bunun üçün böyük potensial var. Geniş coğrafiya, insan ehtiyatları, təbii ehtiyatlar, nəqliyyat marşrutları mövcuddur. Türk Dövlətləri Təşkilatının unikallığı onun etnik mənşəyə, ümumi köklərə, ənənələrə, ümumi dəyərlərə əsaslanmasıdır.