Xəbərlər
Şirvanda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş intellektual yarış keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Şirvan şəhər təşkilatı və “Şirvan Gənclər evi” Sosial Xidmət Müəssisəsinin (SXM) birgə təşkilatçılığı “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual yarış keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsini ehtiramla yad edilib.
Tədbiri giriş sözü ilə açan “Şirvan Gənclər Evi” SXM-in direktoru Əfqan Həsənov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin hüquqi dövlət prinsiplərini və suverenlik ideyasını daha geniş şəkildə təbliğ etmək məqsədi daşıdığını bildirib, yarışda iştirak edən bütün komandaları təbrik edərək onlara uğurlar arzulayıb.
Daha sonra çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov qeyd edib ki, hər bir xalq üçün müstəqil və suveren dövlət qurmaq, onu inkişaf etdirmək ən böyük nailiyyətlərdən biridir. O, Konstitusiya və dövlət suverenliyi anlayışlarının hər bir vətəndaş üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Zahir Qəhrəmanov, həmçinin, Prezident İlham Əliyevin rəhbərliyi ilə suveren və bütöv Azərbaycanın yeni dövrdə inkişafının mühüm mərhələsinə qədəm qoyduğunu və dövlətimizlə xalqımızın bu gün də tarixi nailiyyətlərə imza atmaqda davam etdiyini diqqətə çatdırıb.
17 ərazi partiya təşkilatı komandalarının iştirak etdiyi “Nə? Harada? Nə zaman?” formatında keçirilən intellektual yarışda 2 tur üzrə ümumilikdə 24 sual oynanılıb.
Sonda yarışın nəticələri açıqlanıb, qalib komandalar diplom və hədiyyələrlə təltif olunub.