YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Akademik Zərifə Əliyevanın elmi araşdırmaları tibb elminin inkişafında mühüm mərhələ kimi yadda qalıb

Saleh Məhərrəmov

YAP Oğuz rayon təşkilatının sədri

Tibb elminə əvəzsiz töhfələr vermiş, Əməkdar elm xadimi, Azərbaycanın görkəmli  alimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyeva zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatları, qazandığı nailiyyətləri, yaratdığı fundamental əsərləri ilə şöhrət qazanmışdır. Zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermiş alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmaları hər zaman maraqla qarşılanmış və yüksək qiymətə layiq görülmüşdür. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılmışdır. Həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyətində diqqət mərkəzində saxlayan Zərifə Əliyeva yüksəkixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etmiş, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırmağa əməyi, elmi nailiyyətləri ilə müvəffəq olmuşdur.

Yüksək keyfiyyətləri, peşəkarlığı, ictimai fəallığı ilə Zərifə xanım Əliyeva xalqın rəğbətini qazanmışdır və onun xidmətləri hər zaman xatırlanır, uğurlu fəaliyyətinə nəzər yetirilir. Görkəmli dövlət və elm xadimi, bütün bilik və bacarığını xalqa xidmətə sərf etmiş Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım valideynlərinə layiqli bir övlad, məşhur alim, tanınmış həkim, istedadlı insan, sədaqətli ömür yoldaşı və qayğıkeş ana idi. Zərifə xanım Əliyeva Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı və etibarlı silahdaşı olmuşdur.    

Zərifə xanım Əliyeva həm alim, həm qeyri-adi bir ana olaraq övladlarına da münasibəti xüsusi olmuşdur. O, övladlarını Ulu Tanrı tərəfindən bəxş olunan nur payı kimi qəbul etmişdir. Zərifə xanım Əliyeva cəmiyyət üçün böyük dəyərlərə malik övladlar tərbiyə etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev Zərifə xanım haqqında belə deyir: “Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir”.

Zərifə xanım Əliyeva ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişmişdir. 1994-cü ildə Zərifə xanım Əliyevanın cənazəsi Bakıya gətirilərək Fəxri xiyabanda dəfn olunmuşdur.

3 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümünün qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır.