YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Litvada “Dağlıq Qarabağ probleminə geosiyasi perspektivlər prizmasından baxış” mövzusunda konfrans keçirilmişdir

Şimali Avropanın ən qədim ali məktəbi olan Vilnüs Universitetində “Dağlıq Qarabağ probleminə geosiyasi perspektivlər prizmasından baxış” mövzusunda konfrans keçirilmişdir.

Konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant proqramına uyğun olaraq maliyyələşdirdiyi Litvanın Geosiyasi Araşdırmalar Mərkəzinin layihəsi çərçivəsində reallaşmışdır.

Konfransda Litvanın Mikolas Romeris, Vitaltas Maqnus, Vilnüs universitetlərinin professorları, “Baltik” Xəbər Agentliyinin və “Geopolitika.lt” portalının nümayəndələri, beynəlxalq hüquq üzrə tanınmış ekspertlər iştirak etmişlər.

Çıxış edənlər Litvada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və Xocalı soyqırımına münasibətin beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə dəyişməsi meylini müşahidə etdiklərini bildirmişlər. Vurğulanmışdır ki, son illərdə iki ölkənin vətəndaş cəmiyyətləri arasında əlaqələrin inkişafı nəticəsində Litva ictimaiyyəti artıq Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və Xocalı soyqırımı haqqında məlumatlıdır.

Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəblərinə tarixi ekskursiya edən məruzəçilər problemin sülh yolu ilə və beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq həll edilməsinin vacibliyini vurğulamış, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirmişlər.

Konfransda “Münaqişənin həllinə mane olan səbəblər”, “Xocalı soyqırımının dünyada baş verən kütləvi qətliamlarla müqayisəsi”, “Ərazi bütövlüyünün mərkəzi hakimiyyətin razılığı olmadan keçirilən lokal referendumlarla pozulmasının yolverilməzliyi”, “Etnik prinsiplər əsasında ölkələrin parçalanması: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi timsalında”, “Kənardan Qarabağ probleminə baxış” və digər mövzularda məruzələr dinlənilmişdir.