Xəbərlər
“Azərbaycan Konstitusiyası: Keçmişdən Gələcəyə”
YAP Nərimanov rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirib
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı və Türk Ağsaqqallar İctimai Birliyi tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azərbaycan Konstitusiyası: Keçmişdən Gələcəyə” adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Dövlət Himni səsləndirilib.
Tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, TAİB-in sədri, YAP Veteranlar Şurasının üzvü, akademik Sudeyif İmamverdiyev, AMEA-nın şöbə müdiri, professor Güllü Yoloğlu və digərləri çıxış edərək Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasının dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolu oynadığını vurğulayıblar.
Qeyd edilib ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü ilə əlaqədar ölkəmizin tarixi nailiyyətlərini, Konstitusiyamızın qüdrətini və tam suverenliyimizin bərpasını vurğulayan əlamətdar hadisədir. Bu qərar müstəqil Azərbaycanın gücünü və inkişafını bir daha nümayiş etdirməklə yanaşı, xalqımızın birliyinin, həmrəyliyinin ifadəsidir.
Natiqlər bildiriblər ki, dövlətimiz ildən-ilə güclənərək, inkişafının yüksək tərəqqi ilə xarakterizə olunan, keyfiyyətcə yeni dövrünü yaşayır. Dövlət başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən effektiv dövlət idarəçiliyi, həmçinin təhlükəsizlik və sabitliyin gücləndirilməsi istiqamətində görülən tədbirlər, ümumilikdə, müstəqilliyimizin daha da möhkəmləndirilməsini təmin edib. Ölkəmizin bilavasitə təşəbbüsü və iştirakı ilə uğurla həyata keçirilən bir sıra irimiqyaslı layihələr nəinki təkcə Azərbaycanın, eyni zamanda, ümumilikdə, regionun təhlükəsizliyinə və iqtisadi inkişafına öz mühüm və əvəzsiz töhfəsini verir.
Hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi qarşıda duran ən mühüm və prioritet vəzifələrdəndir. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq proqramı həyata keçirilir, bərpa və yenidənqurma işləri sürətlə və planlı şəkildə davam etdirilir, müasir standartlara cavab verən infrastruktur formalaşdırılır. İşğal illərində tamamilə viran qoyulmuş kənd, qəsəbə və şəhərlər tamamilə yenidən qurulur, doğma torpaqlarımıza həyat qayıdır. Həyata keçirilən bütün bərpa və yenidənqurma işləri Azərbaycan Respublikası ərazisinin vahidliyi, toxunulmazlığı və bölünməzliyi ilə bağlı konstitusiya prinsipinin təmin edilməsinin daha bir əyani göstəricisidir.
Tədbirin sonunda YAP-a üzv olan gənclərə üzvlük vəsiqələri təqdim olunub.