Xəbərlər
Saatlıda “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Saatlı rayon təşkilatı və Saatlı Rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib.
Əvvəlcə tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov bildirib ki, Prezident İlham Əliyev tərəfindən 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik ili” elan edilməsi ölkəmizin hüquqi dövlət quruculuğu sahəsində və suverenliyin daha da möhkəmləndirilməsi istiqamətində atılan addımların davamı kimi mühüm əhəmiyyət kəsb edir: “Bu il müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsinin 30 ili və Ermənistan ordusu üzərində qazanılan tarixi Zəfərin 5 ili tamam olur. Bu baxımdan “Konstitusiya və Suverenlik İli”nin dövlətçilik tariximizin dərindən öyrənilməsində xüsusi əhəmiyyəti vardır. Dövlət başçısı tərəfindən imzalanan bu Sərəncam ölkəmizin keçmişi, bu günü və gələcəyi üçün böyük əhəmiyyət daşıyır, hüquqi dövlətçilik və suverenlik dəyərlərinin yeni qlobal çağırışlar əsasında formalaşdırılması üçün yeni imkanlar yaradıb”.
Saatlı Rayon Ağsaqqallar Şurasının sədri Sədafər Hüseynov çıxışında bildirib ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi milli birlik və həmrəyliyin ifadəsidir: “Müstəqil Azərbaycan dövlətinin Konstitusiyası Ümummilli Lider Heydər Əliyevin şah əsərlərindən biridir. Müstəqillik əldə edildikdən sonra Azərbaycan öz Konstitusiyasını qəbul etməli idi. Bu baxımdan Ulu Öndər xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən və xalqımızın yüksək etimadı ilə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ilk diqqət etdiyi sahələrdən biri yeni Konstitusiyanın hazırlanması və qəbul edilməsi idi. “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçiriləcək tədbirlər cəmiyyətimizdə həmrəylik ovqatını daha da genişləndirəcək”.
Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Rövşən Muradov və YAP Saatlı rayon təşkilatının sabiq sədri Lütvəli Şıxəliyev çıxış edərək bildiriblər ki, Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycanın müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsi ilə bağlı mühüm məsələləri bir daha gündəmə gətirir.