YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan mötəbər beynəlxalq platformaların təşəbbüskarı kimi çıxış edir

Saleh Məhərrəmov

YAP Oğuz rayon təşkilatının sədri

Aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda Prezident İlham Əliyevin vurğuladığı əsas məqamlar, xüsusilə Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyəti ilə bağlı fikirlər, müasir beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqeyinin və oynadığı rolun mahiyyətini dərinliklə açır. Azərbaycanın yalnız coğrafi yerləşməsi deyil, həm də tarixi, siyasi və iqtisadi inkişaf trayektoriyası onun regional və qlobal miqyasda əvəzolunmaz bir körpü funksiyasını yerinə yetirməsinə imkan verir.

Dövlətimizin başçısının “Azərbaycanın nəzərə alınmamasının mümkünsüz olduğunu anlamaq üçün, sadəcə, xəritəyə nəzər salmaq kifayət edər” fikri təsadüfi deyil. Bu ifadə Azərbaycanın Qərblə Şərqin, Şimalla Cənubun kəsişməsində yerləşən mühüm geostrateji məkanda qərar tutduğunu təsdiqləyir. Azərbaycan bir tərəfdən Avropa, digər tərəfdən isə Asiya ilə birbaşa bağlıdır. Ölkəmizin Xəzər dənizinin qərb sahilində, Cənubi Qafqazda yerləşməsi onu regionun və Avrasiya qitəsinin əsas tranzit və kommunikasiya mərkəzinə çevirir.

Azərbaycan xalqı əsrlər boyu Şərqlə Qərb arasında mədəni, iqtisadi və siyasi mübadilələrin mərkəzində olmuşdur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan həm Şərq, həm də Qərb coğrafiyasının bir hissəsi olaraq formalaşmışdır və bu, onun dövlətçilik təcrübəsində, diplomatik strategiyasında və cəmiyyətin dəyərlər sistemində əksini tapmışdır. Bu amil ölkəmizin beynəlxalq siyasətdə etibarlı tərəfdaş kimi tanınmasında mühüm rol oynayır.

Ölkəmizin Şərqlə Qərb arasında körpü rolunu oynaması yalnız coğrafi mövqeyə deyil, həm də tarixi-mədəni bağlara, müasir dövrdə isə siyasi iradəyə və diplomatik bacarığa əsaslanır. Ölkəmiz Avropa ilə Asiya arasında enerji, nəqliyyat və iqtisadi əməkdaşlıq sahələrində unikal platforma yaratmışdır.

Prezident İlham Əliyev çıxışında Avropa ölkələri ilə imzalanmış strateji tərəfdaşlıq bəyannamələrini xatırladaraq, Azərbaycanın uzunmüddətli əməkdaşlıq üçün artıq möhkəm siyasi platforma yaratdığını bildirib. Bu sənədlər Azərbaycanın beynəlxalq arenadakı rolunun formal deyil, məzmunlu və qarşılıqlı faydaya əsaslandığını göstərir. Avropa İttifaqı və ABŞ kimi qlobal aktorların Mərkəzi Asiya ilə əlaqələr qurmaq üçün Azərbaycandan keçən dəhlizlərə və əməkdaşlıq mexanizmlərinə maraq göstərməsi ölkəmizin qlobal siyasətdə artan çəkisinin sübutudur.

Azərbaycan Prezidentinin forum çərçivəsində vurğuladığı önəmli məqamlardan biri də ölkəmizin nəqliyyat infrastrukturuna etdiyi böyük sərmayələr və bunun nəticəsində beynəlxalq yükdaşıma marşrutlarında tutduğu mövqedir. Xəzər dənizi üzərindən keçən Orta Dəhliz çərçivəsində Azərbaycan mühüm tranzit ölkəyə çevrilmişdir. Ələt Beynəlxalq Dəniz Limanı, gəmiqayırma zavodu, dəmir yolları və digər logistik mərkəzlər Azərbaycanın nəqliyyat sahəsində potensialını real gücə çevirən əsas vasitələrdir.

Ölkə ərazisindən keçən yüklərin həcminin ildən-ilə artması bu infrastrukturun nə dərəcədə səmərəli işlədiyini göstərir. Bu amil, həmçinin Azərbaycanın öz ərazisindən keçən kommunikasiya xətlərinə nəzarət etməklə regional sabitlik və əməkdaşlıq proseslərinə necə töhfə verdiyini ortaya qoyur.

Prezident İlham Əliyevin vurğuladığı məqamlar bir daha sübut edir ki, Azərbaycan nəinki regionda, həm də Avrasiya miqyasında geosiyasi və geoiqtisadi baxımdan əvəzolunmaz mövqeyə sahibdir. Coğrafi üstünlüklər, siyasi iradə və strateji baxış birləşərək ölkəmizi gələcəkdə qlobal proseslərin əsas iştirakçılarından birinə çevirə bilər. Yeni dünya nizamının formalaşdığı bir dövrdə Azərbaycanın bu proseslərdə aktiv və təşəbbüskar iştirakı onun beynəlxalq nüfuzunu daha da gücləndirəcək.

DİGƏR Xəbərlər Arxiv