Xəbərlər
Azərbaycan qlobal çağırışlara uyğun siyasət yürüdür

Ülvi Fərzəliyev
YAP Neftçala rayon təşkilatının sədri
Dövlətimizin dünya arenasında nüfuzunun getdikcə artması artıq bütün sahələrdə özünü açıq şəkildə büruzə verir. Xüsusilə qeyd edilməlidir ki, Ermənistan üzərində tarixi Qələbədən sonra dövlətimizin reytinqi sürətlə yüksəlmişdir. İşğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işləri, həmçinin dünyanın bir sıra ölkələrinin bu işdə Azərbaycana dəstək verməsi bir daha “Qarabağ Azərbaycandır!” reallığının qəbul edilməsindən xəbər verir.
Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi münasibətlərini ildən-ilə inkişaf etdirdiyi ölkələrdən biri də Almaniyadır. Dünya siyasətində və iqtisadiyyatında mühüm rol oynayan ölkələrdən biri kimi Almaniya Federativ Respublikası Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinin tərəfdarıdır. Hər iki ölkə ötən əsrin sonlarından başlayaraq bir sıra mühüm sazişlər imzalamaqla əlaqələrin inkişafına əhəmiyyətli dərəcədə zəmin yaradıb. Son illər Cənubi Qafqaz regionunda baş verən geosiyasi dəyişikliklər Azərbaycan-Almaniya münasibətlərinə də yeni dinamika qazandırıb. Xüsusilə, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni reallıqlar, regional güc balansının dəyişməsi və iqtisadi əməkdaşlıq üçün açılan yeni imkanlar Azərbaycanla Avropa İttifaqının aparıcı ölkələrindən biri olan Almaniya arasında əməkdaşlığın genişlənməsinə zəmin yaradıb.
Müstəqillik tarixində ilk dəfə olaraq Almaniya Prezidentinin Azərbaycana rəsmi səfəri də məhz yeni əməkdaşlıq perspektivləri baxımından dəyərləndirilməlidir. Bu səfər mövcud beynəlxalq şərtlər daxilində bir daha Bakının artan nüfuzundan və Avropa üçün mühüm strateji əhəmiyyətindən xəbər verir. Xüsusilə enerji təhlükəsizliyi və alternativ nəqliyyat marşrutları baxımından Azərbaycan Qərb üçün çox əhəmiyyətli açar dövlət rolunu oynayır. Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin ölkəmizə səfəri və səfər çərçivəsində mətbuata verdiyi bəyanatda “Qarabağ Azərbaycandır, bu, rəsmi Berlinin birbaşa və aydın mövqeyidir. Biz həmişə demişik ki, bu, sizin ərazinizdir və bu gün Almaniyanın bu mövqeyini təsdiqləyirik” deməsi bütövlükdə Qərbin öz baxışlarını Azərbaycanla uzlaşdırdığını göstərir.
Azərbaycan hərbi və diplomatik yollarla öz ərazi bütövlüyünü, beynəlxalq hüququ və ədaləti bərpa edib. Məhz bu tarixi Zəfər yeni gündəmi - sülh danışıqlarını aktual edib. Ölkəmiz regionda uzunmüddətli sülhə və sabitliyə nail olmaq üçün səylərini əsirgəmir.
Almaniyanın Ermənistana real təsir imkanlarını nəzərə alsaq, onun konstruktiv danışıqlara və sülhə təşviq olunması baxımından olduqca faydalıdır. Frank-Valter Ştaynmayer də əldə olunan nəticələri yüksək qiymətləndirib: “Razılaşmanın əldə olunması ilə bağlı mühüm an yetişib. Ümid edirəm ki, bu andan istifadə olunaraq sülh müqaviləsi imzalanacaq və sizin regionda əsl davamlı sülh yaranacaq. Mən buna çox böyük ümidlər bəsləyirəm. Ümidvaram ki, həmin müqaviləyə əlavə olaraq cənab Prezident Əliyevin indicə qeyd etdiyi şərtlər üzərində də razılaşma olacaq”.