YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ciddi niyyət, real siyasət

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Aprelin 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib.

Tədbirin gedişində ölkələrin enerji təhlükəsizliyi ilə bağlı məsələlər də müzakirə olunub. Qeyd edək ki, bu mötəbər toplantı təkcə enerji sahəsinə dair müzakirələrin aparıldığı iqtisadi-texniki platforma deyil. Bu, həm də geosiyasi baxımdan strateji əhəmiyyətə malik olan və beynəlxalq münasibətlərin mühüm istiqamətlərindən birini təşkil edən siyasi platformadır. Bu gün enerji təhlükəsizliyi hər bir ölkə üçün milli təhlükəsizliyin ayrılmaz bir hissəsi olmaqla, bu sahədə təsir rıçaqlarına malik olan ölkələrin siyasi nüfuzunun yüksəlməsini şərtləndirir. Azərbaycan isə xam neftin, təbii qazın, neft məhsullarının və gübrələrin istehsalçısı və ixracatçısı olmaqla bir çox ölkələrin enerji və sənaye təhlükəsizliyinin təmin olunmasında mühüm aktorlardan biri kimi çıxış edir.

Məşvərət Şurasının iclaslarında çıxış edən Prezident İlham Əliyev xüsusi olaraq bildirdi ki, bu gün “Azəri-Çıraq-Günəşli”, “Abşeron” və “Şahdəniz” bir çox ölkələrin enerji təhlükəsizliyinə töhfə verir. Bir neçə ildən sonra isə bir çox digər neft-qaz yataqlarının da istismarına başlanacaq. Bununla bağlı müqavilələr artıq imzalanıb və hazırda işçi proqramı həyata keçirilir. Hazırda Cənub Qaz Dəhlizinin 3 ayrılmaz hissəsi olan Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP kəmərləri tam iş gücündə işləyirlər və onların genişləndirilməsi tələb olunur. Çünki Avropada hazırda alternativ enerji mənbəyinə və təchizatın davamlı şaxələndirilməsinə böyük ehtiyac var. Avropanın Rusiyadan enerji asılılığını azaltmaq istədiyi bir dövrdə Azərbaycanın etibarlı tərəfdaş kimi təsdiqlənməsi heç də təsadüfi deyil. Bu, aparılan uzaqgörən siyasətin, düşünülmüş strateji yanaşmanın nəticəsi və ölkənin artan iqtisadi gücünün göstəricisidir. 

Bütün bunlarla yanaşı Azərbaycan həm də çox böyük yaşıl enerji potensialına malikdir. Məhz bu potensialın hesabına ölkəmiz enerji təhlükəsizliyində tərəfdaşlıq üçün getdikcə daha mühüm rol oynayacaq. Bu gün artıq investorlarla imzalanmış Günəş və Külək enerji stansiyalarına aid olan müqavilələrin hesabına ölkəmizdə 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi hasil ediləcək. Bu, nəticə etibarı ilə hazırda ölkə daxilində elektrik enerjisinin istehsalı üçün istifadə olunan xeyli təbii qaza qənaət etmək imkanı yaradacaq və qənaət olunan qaz ixraca yönəldiləcək. Bununla da Azərbaycanın qaz təchizatının Avropadakı coğrafiyası getdikcə genişlənəcək və ölkəmizin Avropa İttifaqının enerji təhlükəsizliyindəki rolu daha da artacaq.

DİGƏR Xəbərlər Arxiv