YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmizin enerji təhlükəsizliyi tam təmin edilib

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Prezident İlham Əliyev aprelin 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarının açılış mərasimində iştirak edib. Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə ölkəmiz uğurla ev sahibliyi edir. Bu isə Azərbaycanın layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir. Dövlət başçısının uzaqgörən siyasəti nəticəsində həyata keçirilən bu layihə ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevrilməsinə imkan yaradıb. Bununla yanaşı, Azərbaycan yaşıl enerji sahəsində də iddialı planlar quraraq, bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində mühüm addımlar atır.

Tədbirdə çıxış edən Prezident İlham Əliyev Azərbaycanın enerji siyasəti və bu strategiyada yaşıl enerji amilinin yeri və rolunu izah edib. Dövlətimizin başçısı çıxışında qeyd edib ki, bu gün “Azəri-Çıraq-Günəşli”, “Abşeron” və “Şahdəniz” bir çox ölkələrin enerji təhlükəsizliyinə töhfə verir. Bir neçə ildən sonra digər neft-qaz yataqlarının da istismarına başlanacaq. Bununla bağlı müqavilələr artıq imzalanıb və hazırda işçi proqram həyata keçirilir. Boru kəmərlərinin çəkilməsi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft boru kəmərləri və həmçinin Cənubi Qafqaz Boru Kəməri bütün iştirakçılarla birlikdə görülmüş işlərin nəticəsidir. Lakin bu gün bəzi beynəlxalq maliyyə təsisatlarının faydalı qazıntıların çıxarılması üçün icra olunan layihələri maliyyələşdirməkdən imtina etmələri bir çox ölkələrin enerji təhlükəsizliyini zəiflədə bilər.

Cənab İlham Əliyev öz çıxışında bu məsələyə də toxunaraq bildirib ki, hazırda Cənub Qaz Dəhlizinin 3 ayrılmaz hissəsi olan Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP kəmərləri tam iş gücündə işləyirlər və onların genişləndirilməsi tələb olunur.

Azərbaycan Avropada, ümumiyyətlə, dünyada qaz ixrac edən ölkə olaraq tanınır. Bu gün Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsi ilə bir sıra Avropa İttifaqı ölkələrini qazla təmin etməsi dövlətimizin iqtisadi potensialının əsas göstəricisidir. Bununla Avropa ölkələri alternativ təchizat mənbələrini əldə etmək imkanı qazanmış olurlar. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın enerji diplomatiyasının həm iqtisadi, həm də siyasi və geosiyasi cəhətdən necə əhəmiyyətli bir vasitəyə çevrildiyini göstərir.

DİGƏR Xəbərlər Arxiv