YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Almaniya-Azərbaycan tərəfdaşlığı: Avropa ilə Qafqaz arasında strateji körpü

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi münasibətlərini ildən-ilə inkişaf etdirdiyi ölkələrdən biri də Almaniyadır. Dövlətimiz Avratlantik məkana inteqrasiya və Avropa Birliyi ilə sıx əməkdaşlıq prosesində Almaniyanın dəstəyinə xüsusi önəm verir. Almaniya Federativ Respublikası dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan ölkə olmaqla Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə tərəfdardır.

1992-ci il yanvarın 12-də Azərbaycanın müstəqilliyini tanıyan Berlinlə Bakı arasında həmin ilin fevralın 20-də diplomatik münasibətlər qurulub. Altı ay sonra - sentyabrın 2-də Azərbaycanın Almaniyada səfirliyi, sentyabrın 22-də isə bu ölkənin Bakıda diplomatik nümayəndəliyi açılıb. Diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan və Almaniya arasında əlaqələr mütəmadi olaraq inkişaf edib. Azərbaycan Respublikasının Prezidentinin AFR-ə 17 rəsmi və işgüzar səfəri həyata keçirilmişdir.

Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri nəticəsində Azərbaycan Respublikasının xarici işlər nazirinin Almaniyaya 14 rəsmi və işgüzar səfəri, Almaniya Federativ Respublikasının xarici işlər nazirinin Azərbaycana 8 rəsmi və işgüzar səfəri həyata keçirilmişdir

Parlamentlərarası əlaqələr də davamlı inkişafdadır. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Almaniyanın parlamentlərarası əlaqələri üzrə Nurlan Həsənovun rəhbərliyi ilə işçi qrupu fəaliyyət göstərir. Almaniya Bundestaqında Xristian-Demokrat İttifaqı partiyasından olan Yohan Davidin sədrlik etdiyi Almaniya-Cənubi Qafqaz parlament qrupu Azərbaycanı da əhatə edir. Azərbaycan Respublikası Milli Məclisi sədrinin Almaniyaya 2 səfəri, Almaniya Bundestaqının vitse-prezidentinin Azərbaycana 1 səfəri həyata keçirilmişdir.

Azərbaycan-Almaniya münasibətlərinin inkişafı sahəsində təşkil edilən belə görüşlərdən biri də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin aprelin 2-də Azərbaycana edilən səfəridir. Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerlə görüşü barədə mətbuatda bəyanatla çıxışında Almaniya-Azərbaycan əlaqələrinin gələcək inkişafından bəhs edərək bildirib: “Mən tam əminəm ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcəkdir. İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur. Ona görə biz hesab edirik ki, gələcək illərdə öz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atmalıyıq, xüsusilə bərpaolunan enerji sahəsində - harada ki, Almaniya şirkətlərinin çox böyük təcrübəsi var, Azərbaycanın da çox böyük proqramı, planları var. Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq fikrindəyik və bu, tam realdır, bunun bir hissəsi Avropaya ixrac ediləcəkdir”.

Xalqlarımız arasında əlaqələrin də dərin tarixi kökləri vardır. Belə ki,  XIX əsrdə bir sıra alman tayfaları Azərbaycan ərazisinə köçüb, burada üzümçülüyün və şərabçılığın inkişafında mühüm rol oynayıb, eləcə də iqtisadiyyatın digər sahələrinin inkişafına böyük töhfə veriblər. Onlar Azərbaycanın siyasi həyatında da iştirak ediblər. Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentində milli azlıq fraksiyasının 4 üzvündən biri almanəsilli Lorentz Kuntz olub. O, Azərbaycanda alman icmasını təmsil edib. Hazırda da Azərbaycan dövləti və xalqı ölkəmizdə alman tarixi və mədəni irsinə böyük hörmətlə yanaşır, onun qorunub saxlanılmasını təmin edir.

Almaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Qarabağ münaqişəsinin həllində obyektiv mövqeyi ilə seçilib. Azərbaycanla Almaniyanın münasibətləri hazırda sürətli inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan bundan sonra da Avropa üçün uzun illər əhəmiyyətli tərəfdaş olacaq.