Xəbərlər
Gələcək inkişaf üçün böyük perspektivlər açılır

Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Azərbaycan bu ölkə ilə əlaqələrin inkişafına mühüm önəm verir. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 ildən artıq dövr müxtəlif sahələrdə əməkdaşlığın sürətli inkişafı ilə xarakterizə edilir.
Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin aprelin 2-də ölkəmizə rəsmi səfəri bütün bu reallıqları bir daha təsdiqlədi. “İlk növbədə, cənab Prezident, Sizi bir daha səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Mən şadam ki, bizim aramızda siyasi dialoq müntəzəm olaraq aparılır. Keçən ilin aprel ayında mən Berlində səfərdə olarkən Sizinlə görüşmüşdüm və şadam ki, mənim dəvətimi qəbul edib Siz Azərbaycana rəsmi səfərə gəlmisiniz” söyləyən dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə etdi ki, səfərin çox müsbət nəticələri olacaqdır. İkitərəfli münasibətlərimizin tarixində bu, Almaniya Prezidentinin Azərbaycana birinci rəsmi səfəridir. Əminəm ki, səfərin yekunları bizim ölkələrimizi bir-birinə daha yaxın edəcəkdir.
Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Eyni zamanda, bu ölkə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu təqdir edir.
Xatırlatmaq yerinə düşər ki, 2022-ci ilin iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, Azərbaycan 2027-ci ilə qədər təbii qazın təchizat həcmini ən azı iki dəfə artırmağı planlaşdırır. Bu sənəd, eyni zamanda, Azərbaycan ilə Aİ arasında bərpaolunan enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.
Qeyd edək ki, Almaniya Prezidentinin ölkəmizə səfəri Azərbaycan-Almaniya etibarlı tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişafının əyani göstəricisidir. Əminliklə söyləmək olar ki, bu səfər bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açacaq.
İqtisadiyyat sahəsinə gəldikdə, Azərbaycanla Almaniya arasında əlaqələr kifayət qədər inkişaf edib. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, iqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır: “Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur. Ona görə biz hesab edirik ki, gələcək illərdə öz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atmalıyıq, xüsusilə bərpaolunan enerji sahəsində - harada ki, Almaniya şirkətlərinin çox böyük təcrübəsi var, Azərbaycanın da çox böyük proqramı, planları var. Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq fikrindəyik və bu, tam realdır, bunun bir hissəsi Avropaya ixrac ediləcəkdir”.
Cənab İlham Əliyevin elə bir səfəri yoxdur ki, tarixi Zəfərimizə gedən yoldan, yaratdığı yeni reallıqlardan bəhs etməsin. Dövlətimizin başçısı İlham Əliyev Almaniya Prezidenti ilə görüşlərində, mətbuata bəyanatında da bu reallıqlara diqqəti yönəltdi. Vurğuladı ki, Azərbaycan 30 il ərzində erməni işğalından əziyyət çəkmişdir. Bizim xalqımız etnik təmizləməyə məruz qalmışdır. Bir milyon azərbaycanlı erməni aqressiyasına görə evsiz-eşiksiz qalmışdır və torpaqlarımızın təxminən 20 faizi işğal altına düşmüşdür. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı ciddi addım atmamışlar. Azərbaycan bu münaqişəni və beynəlxalq hüququ özü döyüş meydanında və siyasi müstəvidə həll etmişdir. Məhz bu tarixi Zəfərimiz sülh danışıqlarına yol açmışdır: “Hesab edirəm ki, bu gün Azərbaycanın və Ermənistanın sülhün əldə edilməsində mövqeləri bir-birinə kifayət qədər yaxınlaşmışdır.” Almaniya Prezidenti bu yaxınlaşmadan məmnunluğunu ifadə edərək bildirdi ki, hər iki tərəf həm qətiyyət, həm siyasi iradə göstərərək keçmişi geridə qoyub yeni gələcəyə doğru addım atıb. Hər bir regionda, dünyada, o cümlədən Cənubi Qafqazda da azad və sülh şəraitində həyatı hər kəs arzulayır.