YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

1918-ci ilin Mart qırğınları – erməni vandalizminin faciəli nəticələri

Varis Rüstəmov

YAP Sabirabad rayon təşkilatının sədri

Azərbaycan tarixində ən dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdır. 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, uşaqdan böyüyədək hər kəsi qətlə yetirmişdirlər. 

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci tarixli Fərmanda bu hadisələrə ilk dəfə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi surətdə bəyan edilib. 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü hər il ölkəmizdə dövlət səviyyəsində qeyd edilir.

Prezident İlham Əliyev ermənilərin ötən əsrdə etdikləri soyqırımı faktlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində mütərəqqi addımlar atıb. Qubada 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılıb. Bu ərazidə on minlərlə insanın qətlə yetirilməsinin sübutu kimi və onların xatirəsinə ehtiram əlaməti olaraq Quba Soyqırımı Memorial Kompleksi yaradılıb. Azərbaycan Hərbi Prokurorluğunun Memorial Soyqırımı Muzeyi də ölkəmizlə bağlı tarixi həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev Quba Soyqırımı Memorial Kompleksinin açılışı zamanı demişdir ki, “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir. Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir”.

Azərbaycan xalqı faciə qurbanlarının xatirəsinə hər zaman xüsusi qayğı və sevgi ilə yanaşır. Xalqımız qəhrəman qızlarını və oğullarını heç zaman unutmur və unutmayacaq.

DİGƏR Xəbərlər Arxiv