YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Erməni təcavüzünün qanlı izləri

David İbramxəlilov

YAP Qusar rayon təşkilatının sədri

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü erməni vəhşiliyini tam sübut edir. 1918-ci ilin mart-aprel aylarında dinc Azərbaycan əhalisi kütləvi surətdə qətlə yetirilmişdir. Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmış, onlara qəsdən fiziki qüsurlar yetirlimişdir. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, İrəvan və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar.

Mart hadisələri zamanı yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. Erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirmiş, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtmışlar. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, uşaqdan böyüyədək hər kəsi qətlə yetirmişlər.

Bu soyqırımların törədilməsi, təkcə fiziki məhvetmə məqsədini güdməyib, həm də azərbaycanlıların mədəniyyətini, kimliyini və tarixini silmək məqsədini daşıyıb. Erməni təbliğatı illər ərzində bu hadisələri təhrif etmişdir. Bu təbliğatın əsas məqsədi soyqırımların tarixini saxtalaşdıraraq, dünya ictimaiyyətində öz mühakimə qabiliyyətlərini əks etdirən yalan təsəvvürlər formalaşdırmaq olub. Lakin Azərbaycan dövləti bu saxta təbliğatla mübarizə aparmağa davam edir və tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırır. Bu mübarizə yalnız müasir dövrün siyasi arenasında deyil, həm də beynəlxalq aləmdə azərbaycanlıların soyqırımının tanınması və bu cinayətə hüquqi qiymət verilməsi üçün başlıca bir hədəf kimi qalır. Azərbaycan bu istiqamətdə mübarizəni davam etdirməkdə qətiyyətlidir, çünki yalnız doğru faktlarla təbliğat aparmaqla erməni saxtakarlığını ifşa etmək mümkündür.

Erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır. Sərəncamla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsinin təmin edilməsi tapşırılmış, həmçinin Milli Məclisə soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilmişdir.