YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Varlıq və ucalıq rəmzi

Elnarə Akimova

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru

Bütün dövrlərdə tonqal alovlandırmaq, od yandırmaq ritualı türklər üçün xalqın, dövlətin gücünün, var oluşunun, milli varlığının əsas atributlarından biri sayılıb. Artıq beş ildir ki, Qarabağda Prezident İlham Əliyevin yandırdığı bayram tonqalları bu gün azad edilmiş Azərbaycanın dirilik, varlıq və ucalıq simvolu kimi rəmzləşir. 

2020-ci ildə qələbəmizi qazandıq, bayrağımızı geri aldığımız torpaqlarda ən uca zirvələrdə dalğalandırdıq. Ölkə başçısı 2021-ci ilin 20 martında Novruz bayramı ilə bağlı xalqa təbriklərini Şuşadan, Cıdır düzündən ünvanladı: “Biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik”.

Bir il sonra, 20 mart 2022-ci ildə Prezident İlham Əliyev Suqovuşanda Novruz bayramı təbrikini səsləndirdi. Ölkə başçısının işğaldan azad edilmiş yurd yerlərimizdən üçüncü təbrik nitqi isə 18 mart 2023-cü il tarixində Talışdan ucaldı. Ölkə başçısı xalqı təbrik elədi, bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman şəhidlərimizin əziz xatirəsini yad etdi, Azərbaycan hərbçilərini salamladı.

Ötən il Prezident İlham Əliyev Novruz bayramı təbrikini 18 martda Xankəndində səsləndirmişdir. Dünən isə, yenə də martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdərə rayonunun Həsənriz kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırdılar. Eyni zamanda buraya köçən bir qrup sakinlə görüşüb, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış oldular, Ağdərə rayonunun Suqovuşan kəndində məscidin açılışında, Sərsəng su anbarından Ağdərənin Umudlu kəndinə gedən avtomobil yolunun açılışında iştirak etdilər.

Bu gün azad, abad edilmiş kəndlərimizə köç prosesi davam etməkdədir, sakinlər yurd-yuvalarına qayıdırlar. Prezidentin yandırdığı bayram tonqalları həm də başlanan bu diriliyin, yeni həyatın, işığın, istiliyin rəmzi olaraq mənalanmalıdır. Prezidentin bütün çağırışlarında başlıca inam həm də bundan ibarətdir ki, bu tonqallar bu torpaqlarda əbədi alovlanacaq, torpaq altda yatan qəhrəman oğullarımızın ruhu da yalnız bu halda əbədi aram və sakitlik tapacaqlar. İndi, Zəfəri qazanmış bir ölkənin vətəndaşları olaraq bu inam, ölkə başçısının xalqa ünvanladığı xitabdakı hər fikir bir az da sakral mahiyyət daşıyır. Sınıqlığı deyil, məğrurluğu simvolizə edən, uzaqgörən notların ehtiva olunduğu bu çağırışlar həm də belə bir qənaəti bir daha təsdiqləyir ki, böyük siyasətçi həm də od qoruyandır! Ümidi sönməyə, inamı ölməyə qoymayandır.

DİGƏR Xəbərlər Arxiv